Mikayıloğludan Fulya haqda inanılmaz sözlər – Ara qarışdı, cavab gəldi


Jurnalist İlqar Mikayıloğlunun türkiyəli həmkarı Fulya Öztürk haqqında səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. O, F.Öztürkün müharibə zonasındakı fəaliyyətini tənqid edərək, bunun real xəbərçilik deyil, şou xarakteri daşıdığını iddia edib. Bu fikir sosial mediada və ictimai müzakirələrdə müxtəlif aspektlərdən dəyərləndirilib.

İlqar Mikayıloğlu sözügedən fikirlərində nə qədər haqlıdır?

Globalinfo.az-a danışan Mətbuat Şurası İdarə heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirib ki, məlumat toplamaq və yaymağın standartları qanunla müəyyən edilir.

Onun sözlərinə görə, bu standartlar içərisində jurnalist və media subyekti özünün üslubunu sərbəst şəkildə tətbiq edə bilir:

“Redaksiyanın, jurnalistin sərbəst seçimləri hansı həddə qədər ola bilər? Bu məsələni isə daha çox etik kodeks tənzimləyir. Jurnalist qanunvericiliyin tələblərini və etik kodeksin prinsiplərini gözləmək şərti ilə, öz üslubunu tətbiq edə bilər. Təbii ki, hər bir media subyektinin özünəməxsus auditoriyası var və buna uyğun olaraq öz üslubunu, redaksiya siyasətini müəyyənləşdirir. Media qurumlarının çoxçeşidliliyi, auditoriya fərqliliyi də buradan yaranır. Hər kəs eyni şeyi eyni formada təkrarlasa, onda fərqli media subyektlərinin mövcudluğuna ehtiyac qalmazdı”.

Musfiq El%C9%99sg%C9%99rli yeni foto

M.Ələsgərli deyib ki, Fulya Öztürkün də özünəməxsus ritorikası, üslubu var:

“Zəruri olan budur ki, onun fəaliyyəti peşə prinsiplərinə zidd deyil, verdiyi xəbərlər isə faydalıdır. Fulya xanım Vətən müharibəsi dövründə kifayət qədər aktiv fəaliyyət göstərdi, ən qaynar nöqtələrdə oldu və Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında rol aldı. Bizim gördüyümüz budur. O, xəbərlərə hansı vasitələrdən istifadə edərək çatıb, əldə etdiyi xəbərləri öz auditoriyasına hansı üslubda çatdırıb? Bu, Fulya xanımın öz işidir və onun çalışdığı redaksiya siyasətindən asılıdır”.

Müşfiq Ələsgərli qeyd edib ki, müharibə zonasında jurnalist fəaliyyətinin qiymətləndirilməsi həmişə həssas və mürəkkəb məsələ olub:

“Belə şəraitdə xəbər toplamaq və yaymaq yalnız informasiya verməkdən ibarət deyil, həm də etik, hüquqi və təhlükəsizlik aspektlərini nəzərə almağı tələb edir. Qaynar nöqtələrdə fəaliyyət göstərən jurnalistlər həm məlumatın dəqiqliyinə diqqət etməlidirlər, həm də özlərinin təhlükəsizliklərini qorumağı bacarmalıdırlar. İşin gedişində jurnalistlər və media qurumları öz redaksiya siyasətlərinə və üslublarına uyğun manevrlər edə bilərlər. Əsas məqam həmin üslub və manevrlərin qanunvericiliyə və etik kodeksin prinsiplərinə zidd olmamasıdır”.


MANŞET XƏBƏRLƏRİ