Alimlər hesab edirlər ki, bəşəriyyətin yadplanetli sivilizasiya ilə ilk təması fantastik filmlərdə göstərildiyi kimi sakit və yüksək inkişaf etmiş varlıqlarla deyil, yox olmaq üzrə olan, qeyri-sabit və “səs-küylü” sivilizasiyalarla baş verə bilər.
Turkustan.az xarici mətbuata istinadla xəbər verir ki, Kolumbiya Universitetinin astronomiya üzrə dosenti Devid Kipping bu fikri yeni elmi preprint məqaləsində irəli sürüb.
Alim bu yanaşmanı “esxatoloji hipotez” adlandırır. Hipotezə əsasən, insanlar ilk dəfə kosmosda sabit və inkişaf etmiş yadplanetli sivilizasiyanı deyil, mövcudluğunun son mərhələsində olan, qeyri-davamlı və diqqətçəkən aktivlik nümayiş etdirən bir sivilizasiyanı qeydə ala bilərlər.
Kippingin fikrincə, yetkin və sabit sivilizasiyalar kosmosda təbii proseslərdən demək olar ki, fərqlənməyə bilər və nəzərəçarpacaq izlər buraxmaya bilərlər.
Bunun əksinə olaraq, böhran və ya məhvolma astanasında olan sivilizasiyalar qısa müddət ərzində güclü siqnallar enerji partlayışları, anomaliyalar və ya mesajlar yarada bilər ki, məhz bunları müşahidə etmək mümkündür.
Alim bu vəziyyəti astronomiyanın tarixi ilə müqayisə edir. Onun sözlərinə görə, insanlar əvvəlcə kainatda nadir, parlaq və qeyri-adi hadisələri – məsələn, fövqəlnovaların partlayışlarını və ya pulsarların ətrafında aşkar edilən ilk ekzoplanetləri müşahidə ediblər, halbuki bu cür obyektlər kainat üçün xarakterik deyil.
Kipping bildirir ki, başqa bir ağıllı həyat formasının ilk təsdiqlənmiş aşkar edilməsi qeyri-sabit, müvəqqəti, lakin son dərəcə “səs-küylü” bir nümunənin nəticəsi ola bilər.
Onun fikrincə, sivilizasiyanın inkişafının son mərhələsində o, sahib olduğu enerjinin böyük hissəsini qısa müddətdə sərf edə və hətta öz məhvolmasının fərqində ola bilər. Belə bir halda, həmin sivilizasiya son ümid kimi kosmosa məqsədli şəkildə siqnallar göndərə bilər ki, kimsə onu eşitsin.
Alim hesab edir ki, məhz buna görə də yadplanetli ağıl axtarışları yalnız sabit və davamlı siqnallara deyil, həm də qısaömürlü, kəskin və qəfil yaranan anomaliyalara yönəlməlidir. Beləliklə, bəşəriyyətin yadplanetlilərlə ilk təması dialoqun başlanğıcı deyil, daha çox “kosmosun qaranlığında atılmış yüksək səslə bir fəryad” ola bilər. Bu isə yox olmaqda olan bir sivilizasiyanın faciəvi izini əks etdirə bilər.
Qeyd edək ki, alimlər Yupiterin Avropa adlı peykində, buz qatının altında yerləşən okeanda həyatın mövcudluğundan da şübhələnirlər.
İsrailli fizik Yosef Aşkenazi bu səma cisminin səth temperaturunu qiymətləndirib və tədqiqatçılar burada həyat üçün uyğun şəraitin ola biləcəyini istisna etmirlər. (Lent.az)