"Artan qlobal rəqabət hər bir ölkədən çevik qərarların qəbul edilməsini tələb edir".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Gələcəyin Peşələr Sammiti"ndə deyib.
Onun sözlərinə görə, qlobal miqyasda baş verən proseslər göstərir ki, süni intellektin sürətli inkişafı, rəqəmsallaşmanın genişlənməsi və avtomatlaşdırmanın yeni mərhələsi dünya əmək bazarının strukturunu köklü şəkildə yenidən formalaşdırır:
"Nəticədə bir çox ənənəvi peşələr yeni məzmun qazanır, əmək resurslarına yönəlik tamamilə fərqli bacarıq profilləri meydana çıxır. Dünya İqtisadi Forumunun 2025-ci ildə dərc olunan "İşlərin Gələcəyi Hesabatı"na əsasən, 2030-cu ilə qədər bugünkü iş yerlərinin 22%-i struktur dəyişikliklərinə məruz qalacaq".
Nazir qeyd edib ki, Azərbaycan artıq insan kapitalı əsaslı iqtisadi inkişaf modelini dövlət strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirib:
"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində də əmək bazarının əsas subyekti olan insan kapitalı dayanır. Bu isə bir daha sübut edir ki, Azərbaycan artıq insan kapitalı əsaslı iqtisadi inkişaf modelini dövlət strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirib. Bu siyasətin əsas məqsədi hər bir vətəndaşın bacarıqlarını iqtisadi dəyərə çevirmək, onların əmək bazarında layiqli və davamlı mövqe tutmasını təmin etməkdir".
Struktur dəyişikliklər Azərbaycanda hansı sahələrdə daha çox baş verə bilər? Rəqəmsallaşma ölkə iqtisadiyyatına hansı üstünlüklər verir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, rəqəmsallaşma ölkə iqtisadiyyatına müsbət təsir göstərir:
“Bu, həm iqtisadiyyatda, həm də dövlət idarəçiliyində şəffaflığın təmin olunmasına, inzibatçılıqda daha mütərəqqi yeniliklərin tətbiqinə imkan açır. Digər tərəfdən, sözsüz ki, rəqəmsal proseslər biznes mühitində də yeni şərtlər formalaşdırır.Bu gün süni intellektin geniş tətbiqi bəzi sahələrdə peşələrin məhdudlaşmasına və sıradan çıxmasına səbəb ola bilər.
Lakin hesab edirəm ki, eyni zamanda, süni intellekt yeni sahələr və imkanlar yaradır. Bu baxımdan, informasiya texnologiyaları, texnika, şəbəkə təhlükəsizliyi kimi istiqamətlərdə yeni imkanlar formalaşır və həmin sahələrdə peşəkar mütəxəssislərə ehtiyac yaranır”.
Onun sözlərinə görə, bu gün dünya trendi rəqəmsallaşmaqdadır və bu proses ölkə iqtisadiyyatına yeni istiqamət verir:
“Bu, bir növ yeni sənaye inqilabıdır. Hər bir sənaye inqilabında olduğu kimi, müəyyən peşələr dövriyyədən çıxır, yeniləri yaranır. Hesab edirəm ki, ölkəmizdə rəqəmsal yeniliklərin tətbiqi yeni inkişaf imkanları açacaq. Bu, əsasən alternativ və bərpa olunan enerji sahəsində özünü göstərir və burada yeni kadrlara ehtiyac yaranacaq”.
Ekspert qeyd edib ki, süni intellektin kənd təsərrüfatı sahəsində tətbiqi faydalı ola bilər:
“Qəribə səslənsə də, düşünürəm ki, kənd təsərrüfatında innovativ texnologiyaların və süni intellektin tətbiqi məhsuldarlığın artırılmasına və fermer təsərrüfatlarının daha səmərəli inkişafına şərait yarada bilər. Həmçinin ölkəmiz kosmik avadanlıqlarla məşğuldur və yeni texnologiyaların hər biri əlavə bilik və təcrübə tələb edir. Məsələn, kalkulyator icad olunanda çoxları riyaziyyatın məhv olacağını düşünürdü, lakin əksi baş verdi, kalkulyator cəmiyyəti daha yüksək səviyyəyə qaldırdı.
Bizim yer kürəsi üzərində peyklərimiz var və bu sahənin inkişafı gələcəkdə prioritet istiqamətlərdən biri olacaq.Bu sahədə yeniliklərin tətbiqi inkişafa səbəb olacaq. Ümumiyyətlə, rəqəmsallaşma və süni intellekt bizim təsəvvür etmədiyimiz qədər yeni imkanlar və peşə sahələri yarada bilər”.