KTMT baş katibi İmanqali Tasmaqambetov Baltik dənizində baş verəcək istənilən ciddi hadisənin hərbi-siyasi böhrana səbəb ola biləcəyini deyib.
Baltikyanı regionda — Latviya, Litva və Estoniyada nə baş verir? KTMT niyə bu üç postsovet ölkəsi ilə bağlı xəbərdarlıq edib?
Globalinfo.az-a danışan politoloq Sultan Zahidov bildirib ki, KTMT Rusiyanın təşəbbüsü ilə yaradılmış təşkilatdır:
“KTMT Kreml tərəfindən qeyri-rəsmi şəkildə idarə olunan, müəyyən mənada NATO xüsusiyyətlərinə malik qurumdur. Burada da NATO-nun 5-ci maddəsinə bənzər prinsip mövcuddur. Yəni üzv ölkələrdən birinə hücum bütün təşkilata hücum kimi qiymətləndirilir. Hazırda Rusiya Ukraynada müharibə aparır və NATO ilə ciddi gərginlik yaşayır. Belə bir şəraitdə Alyansın Rusiya istiqamətində genişlənməsi, Finlandiya və İsveçin NATO-ya qoşulması, eləcə də şərq cinahının gücləndirilməsi Moskva üçün ciddi təhdid kimi qəbul edilir.
Bu baxımdan Rusiyanın NATO ilə təmas xətlərindən biri də Baltik dənizidir. Burada Rusiyanın mühüm geostrateji və hərbi maraqları mövcuddur. Kalininqrad vilayəti Baltik dənizi hövzəsində yerləşir və Rusiyanın buradakı ən böyük donanması həmin ərazidədir. Rusiya regionda maksimum dərəcədə öz hərbi-siyasi maraqlarını təmin etməyə çalışır”.

Sultan Zahidov
Politoloq deyib ki, NATO da Baltik dənizində mütəmadi hərbi təlimlər keçirir:
“Alyans hər il Baltik hövzəsində müxtəlif manevrlər edir. Məsələn, “Baltops” təlimləri təşkil olunur, son olaraq isə dekabr ayında “Donmuş küləklər” əməliyyatı baş tutub. Bu təlimlərdə hərbi gəmilər, sualtı qayıqlar və döyüş təyyarələri iştirak edir.
Nəzərə alsaq ki, Rusiyanın hərbi gəmiləri də bu bölgədən tez-tez istifadə edir, bu vəziyyət istər-istəməz qarşıdurma riskini artırır. Belə risklər insidentlərin baş verməsinə şərait yaradır. İnsidentlər isə münaqişənin ilkin mərhələsi hesab olunur. Açıq qarşıdurmalarda ilk mərhələ adətən birbaşa toqquşma, yəni insidentlə başlayır və sonda genişmiqyaslı hərbi əməliyyatlara, hətta müharibəyə gətirib çıxara bilər”.
S.Zahidovun fikrincə, KTMT baş katibinin açıqlaması çəkindirmə xarakteri daşıyır:
“Qarşı tərəfə mesaj verilir ki, Baltik dənizi hövzəsində KTMT-yə üzv ölkələr də mövcuddur və bu faktor nəzərə alınmalıdır”.