“2026-cı il astroloji baxımdan əvvəlki illərdən kəskin şəkildə fərqlənəcək”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında astroloq Aytən Salami səsləndirib.
Astroloqun sözlərinə görə, 2026-cı ildə çox böyük planet tranzitləri baş verəcək. Son 2 il yarım ərzində Balıqlar bürcündə hərəkət edən Saturn fevral ayından etibarən Qoç bürcünə keçir və burada təxminən 2 il qalacaq. Od ünsürlü Qoç bürcündə Saturn daha çox cəsarət, mübarizə, savaş və planlı hərəkət enerjisini ön plana çıxaracaq.
Aytən Salami bildirir ki, bu dövrdə insanlar həyat məqsədlərinə çatmaq üçün daha mübariz və dözümlü olmalı olacaqlar. 2026-cı il hər bir insanın səbrinin sınağa çəkiləcəyi bir mərhələdir:
“Səbirlə aparılan hər bir mübarizənin sonu qələbə ilə nəticələnəcək.”
Astroloqun sözlərinə görə, iyul ayından etibarən böyük şans planeti Yupiter Xərçəng bürcündən çıxaraq Şir bürcünə keçir. Bu da yenidən od ünsürünün güclənməsi deməkdir. Şir bürcündə olan Yupiter insanlara öz cəsarətini, yaradıcılığını və potensialını nümayiş etdirmək, səhnədə olmaq və özünü ifadə etmək imkanı verəcək.
Aytən Salami vurğulayır ki, 2026-cı il əslində başlanğıclar ilidir. Öz hədəfləri və xəyalları uğrunda cəsarətlə addım atan, səbr göstərən insanlar sonda uğur qazanacaqlar. Lakin bu prosesdə vacib bir məqam var:
“Bu qədər cəsarət və mübarizə enerjisi olan bir ildə eqo arxa planda qalmalıdır. Özünü başqalarından üstün görən hər kəs üçün nəticə məğlubiyyət ola bilər.”
Astroloq hesab edir ki, 2026-cı ildə “mən” anlayışından çox “biz” düşüncəsinə köklənmək, səmimi olmaq və cəmiyyətlə birgə hərəkət etmək vacib olacaq.
Dünya miqyasında isə 2026-cı ilin gərgin keçəcəyi proqnozlaşdırılır. Aytən Salaminin sözlərinə görə, od ünsürünün artıqlığı səbəbindən Çin təqviminə əsasən mart ayından etibarən 2026-cı il Alovlu At ili kimi qeyd olunacaq. Bu isə ölkələr və dünya liderləri arasında gərginliklərin artmasına, savaş və müharibə enerjisinin güclənməsinə səbəb olur. Bəzi dünya liderlərinin hakimiyyətdən getməsi və gücdən düşməsi də gündəmə gələ bilər.
Astroloqun fikrincə, 2026-cı ildə həm insanlar, həm də dünya miqyasında savaş və mübarizə enerjisi aktiv fazaya keçəcək.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ekstrasens Vüsal Mərdinli isə daha sərt mövqe sərgiləyib. O, bildirib ki, 2026-cı ildə dünyanın müxtəlif bölgələrində çətinliklər qaçılmaz olacaq:
“Demək olar ki, hər yerdə çətinliklər yaşanacaq.”
Qeyd edək ki, bu proqnozlar astroloji və ezoterik yanaşmalara əsaslanır və fərdi həyatlarda təsiri şəxsi seçimlərdən asılı olacaq.