Məşhur peyvəndin xərçəng əleyhinə təsiri aşkarlandı


"İnsan papillomavirusuna (HPV) qarşı peyvənd yalnız uşaqlıq boynu xərçəngindən qorumur, həm də ümumilikdə qadın cinsi orqanlarının bu xəstəliyə məruz qalma riskini əhəmiyyətli dərəcədə azaldır".

Turkustan.az Oxu.Az-a istinadən xəbər verir ki, bu qənaəti İsveçin Korolinska İnstitutunun tədqiqatçıları açıqlayıblar. Onların elmi araşdırmasının nəticəsi "JAMA Oncology" jurnalında dərc olunub.

Alimlər 1985-1998-ci illərdə anadan olan və 2006-2022-ci illərdə İsveçdə yaşayan 770 000-dən çox qadının məlumatlarını təhlil ediblər. Peyvənd olunan və olunmayan qadınların müqayisəsi göstərib ki, ən azı bir doza dörd fərqli infeksiyaya (difteriya, tetanus, boğmaca və poliomielit) qarşı peyvənd alanlarda xərçəngə yoluxma riski 37 faiz aşağıdır. Ən əhəmiyyətli qoruyucu təsir 17 yaşından əvvəl peyvənd olunan qadınlarda müşahidə olunub və bu, riski 55 faiz azaldıb.

Tədqiqatçılar vurğulayıblar ki, erkən yaşda peyvənd olunmaq (cinsi fəaliyyətə başlamazdan əvvəl, yəni, HPV infeksiyasına yoluxma riski minimum olanda) mühüm əhəmiyyət daşıyır.

Tədqiqatın müəllifləri müxtəlif peyvənd nəsillərinin təsir müddətinin və effektivliyinin nə qədər davam etdiyini, eləcə də onların kişilərdə qeydə alınan xəstəliklər də daxil olmaqla, HPV ilə əlaqəli digər şişlərə təsirini daha dərindən araşdırmağı planlaşdırırlar.

Qeyd edək ki, bir qədər əvvəl alimlər COVID-19-a qarşı peyvənd olunmuş atopik dermatit xəstəliyindən əziyyət çəkən uşaqların müxtəlif infeksiyalara və allergik ağırlaşmalara daha az məruz qaldığını aşkar ediblər.


MANŞET XƏBƏRLƏRİ