Avtobuslarda NFC-ni dəstəkləyən bank kartları ilə ödənişin tətbiqinə başlanılır


Bakı şəhərinin marşrut avtobuslarında sərnişinlər gediş haqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, həmçinin "Apple Pay" və "Google Pay" vasitəsilə ödəyə biləcəklər.

Turkustan.az report-a istinadla xəbər verir ki, bu barədə paytaxtın ictimai nəqliyyatında istifadə olunan "BakıKart" sisteminin operatoru - "K Group" MMC məlumat verib.

Paralel olaraq "BakıKart" kart, "BirBank" və "M10" QR vasitəsilə ödəniş imkanları da qüvvədə saxlanılır.

İlkin mərhələdə NFC ödənişləri 500 nömrəli marşrut xəttində aktivləşdirilib:

"Sistem real istismar şəraitində sınaqdan keçirilir. Test mərhələsi uğurla yekunlaşacağı təqdirdə, növbəti günlərdə digər "BakuBus" marşrut xətlərində də mərhələli şəkildə tətbiq olunacaq. Daha sonra isə bu texnologiyanın digər daşıyıcı operatorlar üzrə də mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulur".

Test müddətində kartlarda problem yaranarsa, alternativ yollardan istifadə edilməsi məsləhət görülür.

Qeyd edək ki, Bakı metrosunda sərnişinlər gediş haqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları ilə ödəmək imkanını bu il noyabrın 1-dən əldə ediblər.


MANŞET XƏBƏRLƏRİ