Tarixdə kifayət qədər erməni terroru barədə fakt var. Bunlardan biri də uzun zaman gizlədilən, SSRİ rəhbəri İosif Stalini öldürmək əmri alan erməni terrorçu qadın Varsenika (Varvara) Cavadovna Kasparova barədədir.
Turkustan.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev qeyd edib.
O bildirib ki, V.Kasparova 1888-ci ildə Şuşada anadan olub:
“1904-cü ildə bolşeviklərə qoşulub. Stepan Şaumyanın dəstəsində olub. 1917-ci ilə qədər əri Vladislav Minasoviç Kasparov (Kasparyants) ilə xaricdə yaşayıb. Onlar Cenevrədə partiya işlərində iştirak ediblər və Leninlə əməkdaşlıq ediblər. Vətəndaş müharibəsi zamanı, 1918-ci ildən 1919-cu ilə qədər Qırmızı Ordunun mərkəzi siyasi orqanı olan Ümumrusiya Hərbi Komissarlar Bürosunun Təbliğat və Maarif şöbəsinə rəhbərlik edib.
1920-ci ilə qədər İosif Vissarionoviç Stalinin katibi vəzifəsində çalışıb. 20 iyul 1936-cı ildə o, Moskvada NKVD tərəfindən həbs edilib, RSFSR Cinayət Məcəlləsinin 17, 58-8 və 58-11-ci maddələri ilə terror təşkilatında iştirakda ittiham olunub.
Dindirmə zamanı Kasparova terror təşkilatının fəal üzvü olduğunu etiraf edir. O, xaricdən dəstək aldığını və hədəfində Stalin və digərlərinin öldürülməsi əmrinin olduğunu bildirir. İfadəsi zamanı ona bu yolda xeyir-dua verənin erməni kilsəsi olduğunu etiraf edir.
10 aprel 1937-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən 10 il həbs və 5 il müddətinə seçki hüququndan məhrumedilmə cəzasına məhkum edilir və Oryol Həbsxanasına göndərilir.
Ancaq 8 sentyabr 1941-ci ildə ona qarşı daha bir ittiham irəli sürülür.
Cinayət işinin materiallarına görə, o, İkinci Dünya müharibəsinin başlanğıcında “antisovet təşviqatı” ilə məşğul olmağa və “Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası və Sovet hökumətinin fəaliyyəti haqqında böhtan” yaymağa başlayıb. Müharibə dövründə faşizmə dəstək göstərən Kasparova erməni legionunu yaradan Nijde ilə əlaqə qurub.
Faşizm ilə əməkdaşlıq edən Daşnaksütyun və onun üzvləri Nijde, Dro və digərləri Naxçıvan, Qarabağ, Gürcüstanın böyük bir hissəsi ilə yanaşı, Sevastopol, Simferopol, Odessadan Rostova qədər - “böyük erməni dövləti”nin yaradılmasını irəli sürmüşdülər. Alman faşizminə xidmət edən ermənilərə başçılığı anası Gürcüstan ermənisi olan, alman təbliğat idarəsinin zabiti Valdemar Frensel edirdi. Bunların hədəfi daha çox yəhudi öldürüb, Hitlerin gözünə girmək idi.
Kasparovanın da İkinci Dünya müharibəsi dövründə tapşırığı sovet üsul-idarəsinə qarşı əhalini qaldırıb, faşizmə dəstək olmaq idi.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi Arxivində “Xalq Daxili İşlər Komissarlığının Rostov vilayəti üzrə İdarəsinin 7/17 nömrəli xidməti məruzəsindən SSRİ XDİK-in 4-cü idarəsinə” adlı sənəddə yazılır: “1942-ci ilin avqustunda Rostov-Don şəhərinin işğalı dövründə şəhərə general Dronun başçılıq etdiyi bir qrup erməni millətçisi gəlib. Qrupa Hitler tərəfindən Sovet hakimiyyətinə qarşı mübarizə aparmaq üçün Qafqaz millətlərindən könüllü legionlar təşkil etmək səlahiyyəti verilib. Nəticədə bura ermənilərə verilməli idi”.
8 sentyabr 1941-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Dövlət Müdafiə Komitəsinin göstərişi ilə və Stalinin şəxsən imzaladığı təlimatlar əsasında hərəkət edərək, Kasparovanı qiyabi mühakimə edib. Oryol Mərkəzi Həbsxanasında cəza çəkən məhbusa qarşı ölüm hökmü 11 sentyabrda icra edilib.
MƏNBƏ: Comıntern, F.495, op.65a, d.10136/Kasparova Varsenıka Cavadovna[S/F]-nın şəxsi faylı”. /Kult.az