Rusiyanın 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərinə müdaxilə edəcəyi ilə bağlı iddialar güclənir. İrəvan hökumətinin bu məsələ ilə əlaqədar Avropa İttifaqından (Aİ) yardım istəməsi Moskvanın narazılığına səbəb olub. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistana əlavə 15 milyon avro ayrılacağını bildirib. Qeyd olunub ki, vəsaitin bir hissəsi Rusiyadan qaynaqlanan dezinformasiyaya qarşı mübarizəyə yönəldiləcək.
Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanı seçkilər ərəfəsində xarici qüvvələri siyasi prosesə cəlb etməkdə ittiham edir. Paşinyan isə müxalifəti ölkədə sabitliyi pozmağa cəhd göstərməkdə günahlandırır. Rusiya tərəfi Aİ-nin bu addımını açıq şəkildə tənqid edir.
Ermənistanın Aİ-dən seçkilərlə bağlı yardım istəməsi real təhlükəsizlik ehtiyacıdır, yoxsa Paşinyanın siyasi taktikasının tərkib hissəsidir? Rusiya prosesdə təsir imkanlarını artırmaq üçün hansı konkret ssenarilərə əl ata bilər və bu, regionda güc balansına necə təsir göstərər?
Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov bildirib ki, Nikol Paşinyan artıq bu ilin ortalarından etibarən Rusiyada onun hakimiyyətdən uzaqlaşdırılmasına yönəlik irimiqyaslı planların hazırlandığını anlayır:
“Sözügedən proses Rusiyada, xüsusilə Gümrü şəhərində keçirilən seçkilərdən sonra yenidən alovlanıb. Bu istiqamətdə artıq konkret addımların atılmasına başlanılıb. Proses əsasən üç istiqamətdə aparılır: Erməni Apostol Kilsəsi, Qarabağ ermənilərinin səfərbərliyi və erməni əsilli oliqarxların prosesə cəlb edilməsi. Aydındır ki, bütün bu fəaliyyətlərə qarşı mübarizə təkcə demokratik üsullarla aparıla bilməz. Paşinyanın komandası Moldova seçkilərinin təcrübəsini diqqətlə öyrənib. İlk mərhələdə seçkilərə siyasi məzmun verilir. Yəni Avropa ilə Rusiya arasında gedən kəskin geosiyasi mübarizə fonunda seçkilər siyasi qarşıdurma müstəvisinə keçirilir.

Fərhad Məmmədov
Əvvəllər, keçmiş dövlət katibi Entoni Blinkenin rəhbərlik etdiyi ABŞ administrasiyası dövründə Vaşinqton bu proseslərdə daha fəal idi. Lakin Prezident Donald Tramp bu mübarizəyə qoşulmayıb. Hazırda əsas aktivlik Avropa İttifaqı tərəfindən nümayiş etdirilir.
Paşinyan Avropanın dəstəyini alaraq müxalifətə qarşı daha sərt, antidemokratik addımlara əl atır. Ermənistanda baş verən kütləvi həbslərə Avropa faktiki olaraq göz yumur və eyni zamanda maliyyə dəstəyi göstərir. Əvvəllər bu dəstək əsasən ABŞ-dan gəlirdisə, indi daha çox Avropa İttifaqı xətti ilə təmin olunur”.