Mirmahmud Fəttayevin nəvəsinin ölümünün TƏFƏRRÜATI BİLİNDİ


Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin qəfil ölümünün təfərrüatı məlum olub.

Turkustan.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Mirmahmud Mirəlioğlunun qardaşı Mirfəyyaz Fəttayev açıqlamasında Müşfiq Fəttayevin avtomobildə dünyasını dəyişdiyini bildirib:

"Kim nə yazıb bilmirəm, hadisə qəfil, bir anın içində baş verib. Müşfiq bibisi oğlunun avtomobilində olub, ikincinin bacısını kursdan götürməyə gedirlərmiş. İşıqforda maşın dayananda bibisi oğlu onu səsləyib. Səs gəlməyəndə baxıb ki, Müşfiq özündə deyil. Maşını kənara çəkib saxlayıb, nə qədər süni nəfəs veriblər, nəticəsi olmayıb. Tez uşağın atasına zəng ediblər. Aparıblar xəstəxanaya, həkimlər onu 27 dəqiqə həyata qaytarmağa çalışıblar, amma mümkün olmayıb".

Mirfəyyaz Fəttayev Müşfiq Fəttayevin səhhətində heç bir problem olmadığını əlavə edib:

"Bu günə kimi onun bir yeri belə ağrımayıb, idmançı idi, sapsağlam".

Qeyd edək ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi Müşfiq Fəttayev qəfildən dünyasını dəyişib. Müşfiq Fəttayev Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Fəttayevin nəvəsidir.


MANŞET XƏBƏRLƏRİ