31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına sayılı günlər qalıb. Hər il olduğu kimi, ölkədə bayramqabağı qiymət artımı müşahidə olunur. Ərzaq məhsullarının bahalaşması alıcıları narahat edir. Əksər hallarda isə “yeni” qiymətlər bayramdan sonra da qüvvədə qalır.
Bəs bahalaşmanın əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimlinin sözlərinə görə, bayramqabağı bahalaşma əsasən Azərbaycan və digər postsovet ölkələri üçün xarakterikdir:

“Bunun da əsas səbəbi sahibkarlıq subyektlərinin bayram adət-ənənəsindən sui istifadə etməsidir. Bizim adət-ənənəmizə əsasən bayram süfrələrimiz daha çox çeşidli təamlarla nümayiş olunur ki, bu da ciddi tələb yaradır. Həm də il sonunda bəzi qurumlarda əmək haqlarının ödənilməsi, əlavə ödənişlərin verilməsi təsir göstərir. Bu da bayram süfrələrinin daha da zənginləşdirilməsinə səbəb olur. Bu tələbdən də bəzən bizim sahibkarlar sui istifadə edərək qiymətləri süni formada artırırlar. Biz əgər müşahidə etsək görərik ki, bayramdan on gün öncə və on gün sonra qiymətlər sabitləşir. Bəzi məhsullarda hətta qiymətlər baha davam edir”.
E.Kərimli qeyd edib ki, bunun qarşısını almaq üçün rəqabətliliyi artırmaq lazımdır: “Bayram yarmarkaları, bazarlarının həyata keçirilməsi yaxşı olardı. Həm vasitəçilər fermerlərdən məhsulları alıb daha baha satmasınlar, həm də fermerlər özləri gətirib sata bilsinlər. Bu cür ənənələr əvvəllər var idi. Digər tərəfdən hesab edirəm daha çox digər şəbəkə marketlərdə monitorinq aparılmalıdır. İctimai nəzarət olmalıdır ki, qiymətlərin artımına yol verməsinlər”.