Fazil Mustafa: "Amnistiya ailələrin birləşməsinə və sosial sabitliyə xidmət etməklə cəmiyyətdə etimadı gücləndirir"


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Millət vəkili Fazil Mustafa Prezidentin amnistiya təşəbbüsünə münasibət bildirərək bu addımı dövlətin humanist siyasətinin davamı kimi dəyərləndirib. O qeyd edib ki, amnistiya təşəbbüsü cəmiyyətin mənəvi dəyərlərinə, bağışlama və sosial ədalət prinsiplərinə söykənir və hüquqi dövlət anlayışının mühüm tərkib hissəsidir.

Fazil Mustafa qeyd edib ki, bu cür qərarlar ilk növbədə az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş şəxslərin islah olunmasına, onların cəmiyyətə yenidən inteqrasiyasına xidmət edir. O vurğulayıb ki, amnistiya yalnız cəzanın yüngülləşdirilməsi deyil, eyni zamanda insanların həyatında yeni səhifənin açılması, səhvlərdən nəticə çıxararaq normal həyata qayıtmaq üçün verilən fürsətdir.
Komitə sədri bildirib ki, Prezidentin bu təşəbbüsü ailə institutunun möhkəmlənməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Çünki amnistiya nəticəsində bir çox ailələr yenidən bir araya gəlir, sosial və psixoloji gərginlik azalır, cəmiyyətdə qarşılıqlı etimad güclənir. Onun fikrincə, bu addım həm də dövlət-vətəndaş münasibətlərində humanist yanaşmanın dərinləşdiyini göstərir.

Eyni zamanda Fazil Mustafa amnistiyanın tətbiqi prosesində qanunvericiliyin tələblərinə ciddi əməl olunmasının vacibliyini qeyd edib. O vurğulayıb ki, amnistiya aktı selektiv deyil, ədalətli, şəffaf və məsuliyyətli şəkildə icra edilməli, cəmiyyətin təhlükəsizliyi əsas prioritet olaraq qorunmalıdır. Millət vəkilinin fikrincə, bütün bu amillər nəzərə alındıqda Prezidentin amnistiya təşəbbüsü həm hüquqi, həm də mənəvi baxımdan cəmiyyət üçün müsbət nəticələr vəd edir.


MANŞET XƏBƏRLƏRİ