Heyvan dişləyəndən sonra niyə 10 gün gözlənilməlidir? - AÇIQLAMA


"Heyvan dişləməsindən sonra tətbiq edilən 10 günlük müşahidə müddəti quduzluq riskinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".

Turkustan.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, quduzluq xəstəliyinin əlamətləri heyvanda üzə çıxanda virus son 10 gün ərzində tüpürcək vəzilərində olur və yoluxduruculuq qabiliyyətinə malik olur. Buna görə də xəsarət yetirən heyvan baytar nəzarətinə götürülərək 10 gün karantində saxlanılır.

A.Qurbanova bildirib ki, əgər heyvan bu müddət ərzində tələf olarsa, onun quduzluğa yoluxduğu ehtimalı nəzərə alınır. Əksinə, 10 gün ərzində heyvan sağlam qalarsa, həmin vaxt insana xəsarət yetirərkən quduz olmadığı qənaətinə gəlinir.

Şöbə müdiri qeyd edib ki, heyvan naməlumdursa, məsələn küçə iti tərəfindən dişlənmə baş veribsə, vətəndaşın beş dozadan ibarət tam vaksinasiya kursunu vaxtında almasına nəzarət edilir. Bununla yanaşı, hadisə barədə aidiyyəti qurumlara məlumat ötürülür ki, həmin ərazidə monitorinq aparılsın və heyvanın aşkar olunaraq nəzarətə götürülməsi təmin edilsin.


MANŞET XƏBƏRLƏRİ