Məzunlara ŞAD XƏBƏR – Elektron diplomu kimlər nə vaxt ALACAQ?


Bu ildən etibarən məzunların diplom və attestatları ənənəvi kağız formasında deyil, elektron qaydada təqdim olunur. Artıq ali təhsil müəssisələrində də bu prosesə başlanılıb.

Elm və Təhsil Nazirliyinin məlumatına görə, elektron diplomların təqdim edilməsi artıq Bakı Dövlət Universitetinin məzunları üçün həyata keçirilir.

Bizim.Media məsələylə bağlı digər universitetlərə sorğu ünvanlayıb, prosesin başlayacağı və bitəcəyi tarixləri öyrənib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimaiyyətlə Əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev bildirib ki, 20 gün sonra elektron sistem üzərindən diplomların verilməsi prosesinə start veriləcək.

"Hazırda son emal prosesləri icra olunur. Prosesin dəqiq bitmə tarixini isə əvvəlcədən bildirmək mümkün deyil" . O, qeyd edib ki, bu il 2271 məzuna diplom veriləcək.

Azərbaycan Texniki Universitetinin (AZTU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc İsgəndərova sorğumuza cavab olaraq qeyd edib ki, universitetdə elektron diplomların verilməsinə bu həftədən başlanılacaq.

"Sentyabr ayına kimi bu ilki məzunlara elektron diplomların təqdim olunması nəzərdə tutulub".

Azərbaycan Dillər Universitetində isə elektron diplomların verilməsinə artıq başlanılıb.

Bu barədə universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı məlumat verib:

"Ötən həftədən etibarən elektron diplomlar verilir. Cari məzunlar sentyabrda bitəcək. 5-6 ilin məzunları üçün isə oktyabrda başa çatacaq".

Azərbaycan Dövlət İqtisad Universitetində də (UNEC) elektron diplomların verilməsinə başlanılıb.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədovanın sözlərinə görə, bu il 6000-dən çox tələbə UNEC-dən məzun olub.


MANŞET XƏBƏRLƏRİ