Çörək BAHALAŞACAQ?


Qlobal buğda bazarında qiymətlər artımı davam edir.

"Bloomberg" agentliyinin məlumatına görə, Qara dəniz regionunda hərbi gərginliyin dərinləşməsi və məhsul perspektivlərinin pisləşməsi fonunda buğda fyuçersləri ardıcıl ikinci ticarət sessiyasında bahalaşıb.

Çikaqo Əmtəə Birjasında (CBOT) ən aktiv buğda fyuçersləri təxminən 1% yüksəlib. Bazar iştirakçıları Rusiya və Ukrayna arasında davam edən qarşılıqlı hücumların dünyanın ən böyük buğda ixrac marşrutlarından biri olan Qara dəniz vasitəsilə daşınmalara risk yaratdığını qiymətləndirirlər. Nəticədə, iyul ayı ərzində buğda qiymətləri ümumilikdə 16% artıb.

"Commonwealth Bank of Australia"nın aqrar sektor üzrə iqtisadçısı Dennis Voznesenski bildirib ki, dünya buğda ixracının 25–30%-i Rusiya və Ukraynanın payına düşür. Onun sözlərinə görə, qarşıdakı məhsul yığımı mövsümündə ixrac zəncirində yarana biləcək fasilələr qlobal qiymətlər üçün mühüm dəstək amili olaraq qalır.

Qlobal bazarda baş verənlər ölkəmizdə çörəyin qiymətinə təsir edə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Fuad İbrahimov deyib ki, son aylarda qlobal bazarda taxılın qiymətində bahalaşma var:

“Amma nəzərə alaq ki, Urkrayna-Rusiya müharibəsi başlayanda taxılın qiyməti bugünkündən xeyli baha idi. Hələ o zaman Azərbaycan höküməti müxtəlif alətlərdən- subsidiyalardan, dotasiyalardan istifadə edərək çörəyin qiymətinin bahalaşmasının qarşısını aldı.

Bu da təsadüfi deyil. Çünki taxıl strateji məhsuldur. Hökümət bu məsələdə çox həssasdır. Ona görə də indiki qiymət artımı müqabilində daxili bazarda çörəyin qiymətinin qalxma ehtimalı yoxdur. Zərurət yaranacağı təqdirdə hökümət yenə də məsələyə müdaxilə edə və vəziyyəti sabitləşdirə bilər.

Bundan əlavə, çörəyin qiyməti o zaman bahalaşa bilər ki, qlobal bazarda ərzaqlıq buğda sürətlə və dayanıqlı şəkildə bahalaşsın. İndiki vəziyyətdə belə bir ehtimal yoxdur. Çünki bu aydan başlayaraq dünyanın iri taxılçılıq ölkələrində ərzaqlıq buğdanın tədarükünə başlanır. Yeni məhsul bazara çıxandan sonra da qiymətlər ən azından sabitləşəcək və bəlkə də müəyyən ucuzlaşma olacaq”.


MANŞET XƏBƏRLƏRİ