Zelenski Trampla görüşdə təcili Patriot raketləri istədi


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirdiyi görüşdə ölkəsinin hava hücumundan müdafiəsini gücləndirmək üçün təcili olaraq Patriot sistemləri üçün raketlər istədiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Zelenski bu barədə Axios nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Trampla görüşdə əsas müzakirə mövzularından biri Rusiyanın enerji infrastrukturuna hücumlarının qarşısını almaq üçün nəzərdə tutulan təcili "qış paketi" olub.

Zelenski bildirib ki, Tramp Ukraynaya kömək etməyə çalışacağına söz verib. Bununla yanaşı, ABŞ Prezidentinin İranla bağlı vəziyyət səbəbindən Vaşinqtonun Patriot raketlərinə özünün də ehtiyac duyduğunu və bunun prosesi çətinləşdirdiyini qeyd etdiyini deyib.

Ukrayna liderinin sözlərinə görə, Rusiya hər genişmiqyaslı hücum zamanı 30-40 ballistik raketdən istifadə edir və ay ərzində 3-5 belə zərbə endirir.

Zelenski əlavə edib ki, Patriot sistemləri üçün tutucu raketlərin təmin olunması müqabilində Ukrayna ABŞ-la malik olduğu hərbi texnologiya və döyüş təcrübəsini bölüşməyə hazırdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ