Putin mənimlə danışdı, amma təbrik etmədi - Paşinyan inciyib


Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putindən incikliyini gizlətməyib.

Turkustan.az-ın məlumatına görə,Paşinyan jurnalistlərə açıqlamasında bildirib ki, Putin iki gün öncəki telefon danışığı zamanı onu 7 iyun tarixli parlament seçkilərində qalib gəlməsi və yenidən Baş nazir seçilməsi münasibətilə təbrik etməyib.

“İstəmədi, təbrik etmədi”, - deyə Paşinyan bildirib və sonra əlavə edib:

“Rusiya Prezidenti məni təbrik etmədi, amma sual yaranır: o halda kiminlə danışırdı?”

Paşinyan deyib ki, onun Rusiya Prezidenti Vladimir Putinlə dialoqunu uğurlu saymaq olar.

“Bir sıra məsələlərdə Ermənistanın qanuni hüququnun olduğu barədə ortaq bir anlaşmaya gəldik.
Mən Rusiya Prezidentinə dedim ki, biz hazırkı yolu seçmişik və onula gedəcəyik, xüsusən də Ermənistan xalqı buna səs verdiyi üçün. Seçkiqabağı dövrdə dediyim kimi, siyasətimiz nəticəsində Ermənistanın alternativi olmadığı bir vəziyyətdə qalacağımızı təsəvvür edə bilmirəm.

Ermənistanın bütün məsələlərdə həmişə alternativləri olmalıdır. Alternativsizliyin dövrü bağlanıb”, - deyə Paşinyan bildirib.

Rusiyaya malların ixracı məsələlərinə toxunan Baş nazir bildirib ki, bu, Ermənistanın deyil, Avrasiya İqtisadi İttifaqının (Aİİ) problemidir.

“Əslində, məlum olur ki, Aİİ iflic vəziyyətindədir və işləmir. Əgər bu məsələ tez bir zamanda həll olunmasa, proqnozlaşdırım ki, bu, Aİİ-nin sonunun başlanğıcı olacaq”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın Aİİ-dən çıxmaq planı yoxdur.

Vladimir Putinin Ermənistanda Avropa Birliyinə qoşulmaq və ya Avrasiya İqtisadi İttifaqında qalmaqla bağlı referendum keçirmək üçün son tarix təyin edib-etmədiyi barədə sualına Paşinyan belə cavab verib: “Son tarixlər barədə danışmaq qəbuledilməzdir”.

“Biz suveren hüquqlarımızla bağlı qərarları özümüz veririk”, - deyə o bildirib. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ