PUA-lardan qaçan ruslar Ermənistana üz tutur


Rusiyadan Ermənistana köçənlərin sayında yenidən kəskin artım müşahidə olunur və bu, artıq 2022-ci ildəki səviyyəyə yaxınlaşıb.

Turkustan.az xəbər verir ki, Ermənistandakı daşınmaz əmlak agentlərinin sözlərinə görə, son bir neçə ayda İrəvanda mənzil kirayəsi qiymətləri təxminən 30% artıb.

Buna səbəb isə Ermənistana gələn yeni rusiyalı miqrant axınıdır.

Bildirilir ki, hazırda müştərilərin təxminən 80%-i Ermənistana yeni gələn və ya yaxın vaxtlarda köçməyi planlaşdıran Rusiya vətəndaşlarıdır.

Yeni tələbat dalğası may bayramlarından sonra başlayıb və getdikcə güclənir. Müştərilərin bir hissəsi artıq avqustun sonu və sentyabr ayı üçün mənzil axtarır.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı 2022-ci ildə bu ölkədən bir sıra ölkələrə, o cümlədən Ermənistana xeyli sayda rus vətəndaşı köçüb. Bu proses sonrakı illərdə davam etsə də, elə də ciddi aktivlük müşahidə edilməyib.

Amma görünür indi prosesdə yenidən aktivlik yaşanır.

Siyasi şərhçi Taleh Əliyev Bakupost.az-a bildirib ki, Rusiyadan Ermənistana yeni köç dalğasının başlanmasını gələnlərin əksəriyyətinin məhz bu ölkədə yerləşəcəkləri kimi qiymətləndirmək düzgün olmaz:

“Ermənistandakı həyat şəraiti Rusiyadan belə geri qalır. Sadəcə, Rusiya bu gün yaşanması mümkünsüz olan bir hala düşüb. Ölkənin az qala hər bir nöqtəsinin hər gün Ukrayna dronlarının hədəfinə çevrilməsi Rusiya vətəndaşlarını müharibədən uzaq məkan seçməyə məcbur edib. Belədə düşünürlər ki, özlərini fors-major situasiyadan sığortalaya biləcəklər”.

Ekspert hesab edir ki, Ermənistana köçənlər əsasən Rusiya vətəndaşı olan ermənilər və onlarla bu və ya digər şəkildə əlaqəli olan ruslardır:

“Belə köçlər təkcə Ermənistana deyil, Qazaxıstan, Belarus və Moskva ilə yaxşı münasibətlərdə olan Şərqi Avropa ölkələrinə də anoloji köçlər var”.


MANŞET XƏBƏRLƏRİ