Sosial şəbəkələrdə insanların inancını, etiqadını təhqir etməkdə təqsirləndirlən iki tiktoker həbs olunub. “TikTok”da “Çevik” adı ilə tanınan Məqsəd Bağırov saxlanılıb. O, ictimai mənəviyyatı təhqir etmək, cəmiyyətə açıq hörmətsizlik, əxlaqsız ifadələrin səsləndirilməsində ittiham olunub və 10 sutka cəzalandırılıb. 1979-ci il təvəllüdlü Üzeyir Abas da Səbail Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs edilib. Ümumiyyətlə, son dövrlər Azərbaycanda sosial şəbəkə fenomenləri və xüsusilə “TikTok” istifadəçilərinin inzibati qaydada həbs olunması halları artıb.
Baş verənlər fonunda Azərbaycanda “TikTok”la bağlı daha sərt məhdudiyyətlər və ya yeni qadağalar tətbiq oluna bilərmi?
Globalinfo.az-a danışan Milli Məclisin insan hüquqları komitəsinin üzvü, deputat Razi Nurullayev deyib ki, “TikTok” istifadəçilərinin inzibati qaydada həbs olunması cəmiyyətdə onun bağlanması ilə bağlı narahatlıq yaratmamalıdır:
“TikTok”a qarşı daha sərt məhdudiyyətlərin tətbiq edilməsi və ya platformanın bağlanması gündəmdə yoxdur. Çünki dövlətin hədəfi platformanın özü deyil, buradakı qanun pozuntularıdır. Yəni məsuliyyət “TikTok” istifadə etdiyinə görə yox, qanunvericiliyin tələblərini pozduğuna əsasən yaranır. Son dövrlərdə qəbul edilən qanunvericilik dəyişiklikləri də bunu göstərir. Sosial şəbəkələrdə ictimai asayişi pozan, zorakılığı, əxlaqsız davranışı, təhqiri və ya digər qanunazidd hərəkətləri təşviq edən məzmunun yayılmasına artıq daha ciddi hüquqi qiymət verilir. Hüquq-mühafizə orqanlarının son addımları da qanunların tətbiqini gücləndirməyə hesablanıb. Bu baxımdan yaxın gələcəkdə “TikTok”un qadağan ediləcəyini gözləmirəm”.

Razi Nurullayev
Deputat bildirib ki, belə bir qərar həm sosial, həm də iqtisadi nəticələr doğura bilər:
“Bu gün minlərlə insan “TikTok”dan biznesini tanıtmaq, məhsul satmaq, maarifləndirici məzmun hazırlamaq və ya gəlir əldə etmək üçün istifadə edir. Platformanın tam bağlanması qanunu pozmayan istifadəçilərin də maraqlarına toxuna bilər. Daha real görünən ssenari isə nəzarətin gücləndirilməsidir. Yəni canlı yayımların daha ciddi izlənilməsi, qanunsuz məzmunun operativ silinməsi, platformanın dövlət orqanları ilə əməkdaşlıq öhdəliklərinin artırılması və qanun pozuntularına görə məsuliyyətin sərtləşdirilməsi üzərində işlərin görülməsidir. Dünyanın bir çox ölkəsində də məhz bu model tətbiq olunur. Dövlətlər sosial şəbəkələri tam qadağan etməkdən daha çox, onları milli qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməyə məcbur etməyə çalışırlar”.
R.Nurullayevin sözlərinə görə, əsas məqsəd rəqəmsal məkanda məsuliyyət hissini artırmaq ibarətdir:
“Eyni zamanda, sosial şəbəkələrdə cəzasızlıq mühitinin formalaşmasının qarşısını almaq və hər kəs üçün eyni hüquqi qaydaların işləməsini təmin etməkdir. İnternet azadlığı vacib dəyərdir, lakin bu azadlıq heç vaxt qanundan üstün ola bilməz. Rəqəmsal platformalar cəmiyyətin bir hissəsinə çevrilibsə, orada da real həyatda olduğu kimi hüquq və məsuliyyət arasında tarazlıq qorunmalıdır”.