Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin səlahiyyət müddəti bu ilin sonunda başa çatacağı üçün onun yerinə namizədlər BMT Baş Assambleyasında keçirilən açıq sessiyada bir araya gəliblər.
Turkustan.az xəbər verir ki, "BMT Baş katibi üçün açıq sessiya: Növbəti Baş katib" adlı debatda altı namizəd təşkilatın gələcəyi ilə bağlı baxışlarını təqdim edib, moderatorların və iştirakçıların suallarını cavablandırıblar. Müzakirələrdə BMT-nin büdcə böhranı, islahatlar, beynəlxalq münaqişələr və qlobal böhranlar əsas mövzular olub.
Baş katib postuna namizədlər sırasında Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi, BMT-nin keçmiş İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet, Seneqalın sabiq prezidenti Maki Sall, BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan, 2018–2019-cu illərdə BMT Baş Assambleyasının prezidenti olmuş Maria Fernanda Espinosa və Qayanın BMT-dəki daimi nümayəndəsi Kerolin Rodriges Birkett yer alırlar.
Aytən Yaşar/ Turkustan.az