Yay mövsümündə havaların kəskin istiləşməsi ilə birlikdə evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda kondisionerlərdən istifadə xeyli artır. Bir çox insan sərinləmək üçün saatlarla kondisioner işlədilən otaqlarda qalır.
Lakin cəmiyyətdə “kondisioner insanı xəstə edir” fikri də geniş yayılıb.
Bəs doğrudanmı kondisioner müxtəlif xəstəliklərə səbəb olur, yoxsa problem ondan düzgün istifadə edilməməsindədir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında həkim-terapevt Zakir Quliyev bildirib ki, kondisioner özü insanı xəstə etmir.
Onun sözlərinə görə, insanların çoxunda belə bir fikir formalaşsa da, əslində problem daha çox onun düzgün istifadə edilməməsi və ya vaxtında texniki qulluq göstərilməməsi ilə bağlıdır:
“Məsələn, kondisionerin temperaturunu həddindən artıq aşağı səviyyəyə salmaq və ya soyuq hava axınını birbaşa bədənə yönəltmək əzələlərdə gərginlik, boyun və bel ağrıları, eləcə də narahatlıq hissi yarada bilər. Bundan əlavə, kondisionerin filtrləri uzun müddət təmizlənmədikdə onların üzərində toz, kif və müxtəlif allergenlər toplanır ki, bu da xüsusilə allergiyası, astması və ya tənəffüs yolları həssas olan insanlarda şikayətlərin artmasına səbəb olur. Kondisionerin havanı qurutması nəticəsində isə bəzi insanlarda boğazda quruluq, burun tutulması, gözlərdə qıcıqlanma və yüngül öskürək kimi hallar müşahidə edilir”.
Zakir Quliyev: Düzgün istifadə edildikdə kondisioner xəstəlik mənbəyi deyil
Həkim qeyd edib ki, yay aylarında insanların “kondisionerdən xəstələndim” deməsinin əsas səbəbi isə əksər hallarda virus infeksiyalarının qapalı məkanlarda daha asan yayılması və ya istidən birdən-birə çox soyuq mühitə keçmələridir:
“Halbuki soyuq hava virus yaratmır və xəstəlik törətmir. Sağlamlıq üçün kondisionerdən düzgün istifadə etmək vacibdir. Otaq temperaturunu 24–26°C arasında saxlamaq, çöldəki temperaturla otaq arasındakı fərqi çox artırmamaq, hava axınını birbaşa insanların üzərinə yönəltməmək, filtrləri mütəmadi təmizləmək və otağı vaxtaşırı havalandırmaq həm rahatlıq, həm də sağlamlıq baxımından ən doğru yanaşmadır”.
“Düzgün istifadə edildikdə kondisioner xəstəlik mənbəyi deyil, əksinə, isti havalarda insanların sağlamlığını qorumağa kömək edən faydalı bir cihazdır”, - deyə Zakir Quliyev əlavə edib.