Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv dövlətlər və İordaniya İranın hücumlarına qarşı fərdi və kollektiv özünümüdafiə hüququndan istifadə edəcəklərini, suverenliklərini qorumaq üçün bütün zəruri tədbirləri görəcəklərini bəyan ediblər.
Turkustan.az xəbər verir ki, KƏŞ-in rəsmi saytında yayımlanan birgə bəyanatda Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İordaniya İranı və onun dəstəklədiyi silahlı qrupları bu ölkələrin ərazilərinə qarşı həyata keçirilən hücumlara görə qəti şəkildə pisləyiblər.
Bəyanatda vurğulanıb ki, ABŞ və İran arasında 17 iyun 2026-cı il tarixində imzalanmış anlaşma memorandumuna baxmayaraq, İranın Körfəz ölkələri və İordaniyanın ərazisini, eləcə də mülki infrastrukturu hədəf alan hücumları 28 fevral 2026-cı ildən etibarən davam edir.
Sənədə əsasən, hücumlar enerji və duzsuzlaşdırma obyektlərini, limanları, hava limanlarını və digər mülki infrastrukturu hədəf alıb. Ən çox zərər çəkən ölkələr arasında Bəhreyn, Küveyt və İordaniyanın adı çəkilib.
Birgə bəyanatda İranın bu addımlarının BMT Nizamnaməsini, beynəlxalq hüququ və beynəlxalq humanitar hüququ pozduğu, həmçinin regional və beynəlxalq sülhə, təhlükəsizliyə ciddi təhdid yaratdığı bildirilib.
Aytən Yaşar/ Turkustan.az