"Şəfa Psixoloji Sosial Yardım" İctimai Birliyi tərəfindən həyata keçirilən "Mina və partlamamış hərbi sursatlardan (PHS) zərərçəkmiş şəxslərin psixososial reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına dəstək" layihəsi çərçivəsində növbəti mühüm fəaliyyət mərhələsi uğurla davam edir.
QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və Qarabağ Dirçəliş Fondunun birgə qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilməsi ilə icra olunur. Layihənin əsas məqsədi mina və partlamamış hərbi sursatların yaratdığı fiziki, psixoloji və sosial fəsadların aradan qaldırılmasına töhfə vermək, zərərçəkmiş şəxslərin psixoloji dayanıqlığını gücləndirmək, onların sosial həyata daha fəal inteqrasiyasını dəstəkləmək və ailələrinin psixososial rifahını artırmaqdır.
Layihənin fəaliyyət planına uyğun olaraq Füzuli, Cəbrayıl və Ağdam rayonlarında hədəf qrupların seçilməsi və ilkin ehtiyacların qiymətləndirilməsi prosesi həyata keçirilib. Bu mərhələdə mina və partlamamış hərbi sursatlardan birbaşa zərər çəkmiş, müxtəlif dərəcəli xəsarətlər almış və ya əlilliyi olan şəxslərlə fərdi görüşlər keçirilib, onların mövcud psixoloji vəziyyəti, sosial ehtiyacları, gündəlik həyat çətinlikləri və dəstək gözləntiləri öyrənilib.
Qiymətləndirmənin nəticələrinə əsasən hər rayonda 10 nəfər mina və PHS-dən zərərçəkmiş şəxs hədəf qrup kimi müəyyən edilərək xüsusi təlim qrupu formalaşdırılıb. İştirakçılarla keçirilən görüşlər zamanı layihə haqqında ətraflı məlumat verilib, təlim və psixososial dəstək proqramının məqsədləri izah olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb və bütün iştirakçıların razılığı əsasında təlimlərin keçirilmə vaxtı və qrafiki razılaşdırılıb.
İlkin ehtiyac qiymətləndirilməsi göstərib ki, mina qurbanlarının əksəriyyəti yalnız fiziki sağlamlıq problemləri ilə deyil, eyni zamanda uzunmüddətli psixoloji gərginlik, travmatik xatirələr, gələcəklə bağlı narahatlıq, sosial təcrid hissi və özünəinamın azalması kimi problemlərlə də üzləşirlər. Bu baxımdan layihə çərçivəsində həyata keçiriləcək psixoloji və sosial müdaxilələrin onların emosional vəziyyətinin yaxşılaşdırılmasına, stressin idarə olunması bacarıqlarının inkişafına, sosial münasibətlərinin möhkəmləndirilməsinə və cəmiyyətə daha fəal reinteqrasiyasına mühüm töhfə verəcəyi gözlənilir.
Yaxın günlərdə Laçın və Tərtər rayonlarında da hədəf qruplar formalaşdırıacaq və psixoloqların iştirakı ilə silsilə təlimlərə və qrup məşğələlərinə başlanılacaq. Təlimlər zamanı iştirakçılar travma ilə mübarizə, stresin idarə olunması, emosional dayanıqlığın artırılması, sosial adaptasiya, qarşılıqlı dəstək və sağlam ünsiyyət bacarıqları üzrə praktiki bilik və bacarıqlar əldə edəcəklər. Proqram çərçivəsində interaktiv metodlardan, qrup müzakirələrindən və psixoloji məşqlərdən geniş istifadə olunacaq.









