Dondurulan qidalar haqda bilinməyən faktlar - Görün nələrə səbəb olur


Son illər dondurulan qidalara, xüsusilə də meyvə və tərəvəzlərə maraq artıb. Bir çox insan mövsümdən kənar dövrlərdə də sevdiyi məhsullardan istifadə etmək üçün onları dondurulmuş formada alır və ya ev şəraitində saxlayır.

Bəs dondurulan qidalar insan sağlamlığı üçün zərərlidirmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib ki, düzgün qaydalara əməl olunmaqla dondurulan meyvə və tərəvəzlər sağlamlıq üçün təhlükə yaratmır.

Məhsəti Hüseynova: Qidalar bizi niyə zəhərləyir? - Sağlam Qida

Onun sözlərinə görə, hər bir meyvə və tərəvəzin öz mövsümündə istehlak edilməsi daha məqsədəuyğundur. Bununla belə, məhsulların düzgün texnologiya ilə dondurulması onların uzun müddət saxlanmasına və qida dəyərinin qorunmasına imkan verir.

“Məhsullar gigiyenik qaydalara uyğun şəkildə hazırlanıb dondurularsa, istifadə zamanı əridilən qida yenidən dondurulmazsa və uyğun qablaşdırmada saxlanılarsa, həmin məhsullar faydalı xüsusiyyətlərini böyük ölçüdə qoruyur. Dondurulmuş meyvə və tərəvəzlərdə mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaranmadığından onların xarab olması da gecikir”, – deyə mütəxəssis vurğulayıb.

M.Hüseynova qeyd edib ki, yerli və mövsümi məhsulların dondurulması vitaminlərin və qida maddələrinin saxlanmasına kömək edir. Xüsusilə giləmeyvələrin dondurulması faydalı hesab olunur. Böyük ölçülü meyvələrin isə hissələrə bölünərək dondurulması tövsiyə edilir. Mütəxəssis bəzi meyvələrin dondurulmazdan əvvəl çəyirdəklərinin çıxarılmasının vacib olduğunu bildirib:

“Ərik, gilas və albalı kimi meyvələr dondurularkən çəyirdəkləri çıxarılmalıdır. Bu, məhsulun keyfiyyətinin qorunmasına kömək edir. Tərəvəzlərdən bibər, kök, brokoli, gül kələmi və müxtəlif göyərtilər təmizlənib doğrandıqdan sonra rahatlıqla dondurula bilər”.

Ekspert bəzi məhsulların isə dondurulmasının məqsədəuyğun olmadığını diqqətə çatdırıb. Belə ki, tərkibində su və C vitamini yüksək olan məhsullarda dondurulmadan sonra keyfiyyət dəyişiklikləri baş verə bilər.

“Xiyar, kahı, salat yarpaqları və çiy kartof dondurulmaq üçün uyğun məhsullar deyil. Bu məhsulların strukturunda və keyfiyyətində ciddi dəyişikliklər yaranır.

Dondurulacaq məhsulların sağlam və təhlükəsiz üsullarla yetişdirilməsi də mühüm əhəmiyyət daşıyır. Pestisid və digər kimyəvi maddələrdən düzgün istifadə edilməyən, həmçinin təbii şəraitdə yetişdirilməyən məhsullar dondurulduqda onların tərkibində arzuolunmaz dəyişikliklər baş verə və nəticədə qida keyfiyyəti aşağı düşə bilər”.

Mütəxəssis sonda bildirib ki, düzgün seçilmiş, gigiyenik qaydalara uyğun hazırlanmış və saxlanılmış dondurulmuş meyvə-tərəvəzlər sağlam qidalanmanın bir hissəsi ola bilər.


MANŞET XƏBƏRLƏRİ