Xaricdə təhsil almış azərbaycanlı həkimlərin diplomlarının tanınması və ixtisaslarının qəbul olunması ilə bağlı problemlər var.
Turkustan.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat, Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov deyib.
Deputat bildirib ki, xaricdə ali tibb təhsili və ixtisaslaşma keçmiş Azərbaycan vətəndaşları ölkəyə qayıtdıqdan sonra nostrifikasiya və peşə fəaliyyətinə başlama prosesində ciddi hüquqi və prosedur çətinliklərlə üzləşirlər.
“Müraciətlərdən görürük ki, 2011-ci ildən əvvəl və sonra formalaşmış mexanizmlər arasında hüquqi və prosedur baxımından fərqlər yaranıb. 2023-cü ildən etibarən isə bu sahədə vahid və aydın tətbiq mexanizminin olmaması müşahidə edilir. Nəticədə xaricdə yüksək səviyyəli təhsil alan həkimlər ölkəyə qayıtdıqda onların ixtisaslarının tanınması prosesi ya uzanır, ya da komissiya qərarlarından asılı vəziyyətdə qalır”, – deyə o bildirib.
Rəşad Mahmudov qeyd edib ki, bu problem təkcə ayrı-ayrı həkimlərin deyil, bütövlükdə ölkənin səhiyyə sistemi və insan kapitalı üçün strateji əhəmiyyət daşıyır.
O, çıxışında xaricdə oftalmologiya üzrə ixtisaslaşmış gənc həkimdən aldığı müraciəti də nümunə göstərib.
“Rusiyanın tanınmış göz mərkəzlərindən birində təhsil almış, orada işləmək imkanı əldə etmiş, lakin ailə vəziyyətinə görə Azərbaycana qayıdan iki azyaşlı uşaq anası bir il işsiz qalıb. Mən ona yalnız ‘Səni anlayıram’ deyə bildim. Bu, tək bir insanın taleyi deyil, sistemdəki boşluqların real insan həyatına təsiridir”, – deyə deputat vurğulayıb.
Deputatın sözlərinə görə, sui-istifadə hallarının qarşısının alınması vacib olsa da, bunun yolu prosesi çətinləşdirmək deyil, şəffaf və hüquqi cəhətdən sabit mexanizm yaratmaqdır.
“Hər bir dövlət sui-istifadənin qarşısını almalıdır. Amma bu, sistemin qapanması ilə deyil, şəffaf, ölçülə bilən və hüquqi baxımdan sabit nostrifikasiya mexanizminin yaradılması ilə mümkün olmalıdır”, – deyə Rəşad Mahmudov bildirib.
O hesab edir ki, əks halda ölkə bir tərəfdən həkim çatışmazlığından danışacaq, digər tərəfdən isə xaricdə təhsil almış peşəkar mütəxəssislərin səhiyyə sisteminə inteqrasiyası çətinləşəcək.
“Bu, sadəcə bir neçə insanın taleyi deyil. Yüzlərlə azərbaycanlı gəncin gələcəkdə yüksək motivasiya ilə ölkəyə qayıdaraq səhiyyə sistemində çalışması üçün mühüm məsələdir”, – deyə deputat fikrini tamamlayıb. /Modern.az/