Son günlər Azərbaycanda yumurta qiymətlərinin kəskin ucuzlaşması müşahidə olunur. Müxtəlif market şəbəkələrində sarı yumurtaların 3, ağ yumurtaların isə 1 qəpiyə təklif olunması barədə məlumatlar yayılıb.
Turkustan.az bildirir ki, Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası bəyan edib ki, qiymət ucuzlaşması bazarın tələbi ilə baş verib.
Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, hazırda Azərbaycanda gündəlik yumurta istehsalı 6 milyon ədədin üzərindədir: “Ölkə bazarının tələbi 4-4,5 milyon ədəd həddindədir. İstehsal bu tələbdən yüksək olduğu üçün qiymətlər ucuzlaşır. Bu, sırf bazarın tələbinin nəticəsidir”.
M. Həsənli onu da qeyd edir ki, son illərdə dövlətin də dəstəyi sayəsində tələbatdan artıq yumurta istehsalı var: “Bu artıq istehsal neçə ildir davam edir. Nəticədə, yumurta qiymətlərində hər hansı artım, bahalaşma olmur. Eyni zamanda xaricə ixraca nail olmuşuq. İndi də ixrac gedir, yaxın vaxtlarda ixrac həcmləri daha da artacaq. Bazarın dəyişməz qanunudur ki, təklif tələbdən artıq olanda qiymətlər düşür. Son illərdə yumurta ilə bağlı bir neçə dəfə belə halın şahidi olmuşuq”.