İsti havada soyuq təhlükə: Enerji içkiləri ilə bağlı XƏBƏRDARLIQ


Enerji içkilərinin zərərləri illərdir geniş müzakirə olunur. Xüsusən, isti yay aylarında enerji içkilərinə təlabat artdığından bu məsələ yenidən aktuallaşır.

Enerji içkilərinin tərkibi təbii məhsullardan çox uzaqdır və yüksək miqdarda kafein, şəkər, süni dadlandırıcılar ehtiva edir. Bu maddələr orqanizmdə keçici aktivlik yaratsa da, uzunmüddətli dövrdə bədənin bir çox sisteminə ağır zərbə vurur.

Yüksək kafein dozası ürək döyüntülərini sürətləndirir, qan təzyiqini yüksəldir və ürək-damar sağlamlığı üçün ciddi risk yaradır. Tərkibindəki kimyəvi komponentlər ürək ritminin pozulmasına və damarların elastikliyinin azalmasına səbəb olur. Bu içkilərin idmanla kombinasiyası zamanı ürəyə ikiqat yük düşür və qəfil sağlamlıq problemləri riski artır. Enerji içkiləri sinir hüceyrələrinin normal fəaliyyətini pozaraq beyində həddindən artıq yüklənmə yaradır. Bu stimulyasiya nəticəsində insanlarda xroniki yuxusuzluq, diqqət dağınıqlığı, narahatlıq və panik atak halları müşahidə olunur.

İçkilərin tərkibindəki maddələr bədəndə kəskin maye itkisinə yol açaraq böyrəklərin filtrləmə funksiyasını zəiflədir. Yüksək şəkər və kimyəvi əlavələr mədə turşuluğunu artıraraq qaz, reflü və qəbizlik kimi həzm problemləri doğurur. Bu içkilər bağırsaq mikroflorasını pozur, nəticədə qidaların normal mənimsənilməsi prosesi ləngiyir.

Gənclərin bədəni inkişaf mərhələsində olduğu üçün enerji içkilərinin mənfi təsirləri onlarda daha kəskin üzə çıxır. Süni komponentlər beyində dopamin səviyyəsini süni artıraraq gənclərdə sürətli kofein asılılığı formalaşdırır. Asılı vəziyyətə düşən orqanizm təbii yolla enerji yarada bilmir və daim yeni doza tələb edir. Yeniyetmələr arasında bu içkilərin müntəzəm qəbulu əsəbilik, aqressiya və psixoloji gərginliyi artırır. Həkimlər qeyd edir ki, 18 yaşdan aşağı şəxslərin bu növ stimullaşdırıcıları qəbul etməsi tamamilə zərərlidir.

Adil Qeybulla, Tibb elmləri doktoru, professor

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, enerji içkiləri daim istifadə edilə bilməz:

“Çünki enerji içkilərinin mütəmadi istifadə olunması ciddi problemlər yarada bilər. İnsanın ürəyi daim işləyən bir orqandır. Əlavə kafeinlə onu yükləmək ürəyi həddindən artıq yormaq deməkdir”.

Onun sözlərinə görə, bunu təkrarlamaq eyni zamanda ürəkdə başqa ciddi problemlərə, ürək çatışmazlıqlarına gətirib çıxara bilər. Xüsusilə, uşaq və yeniyetmələr üçün enerji içkilərindən davamlı istifadə qətiyyən məqsədəuyğun deyil.

Mütəllim Abdullazadə, Qida təhlükəsizliyi üzrə ekspert

Qida təhlükəsizliyi üzrə ekspert Mütəllim Abdullazadə də Bakıvaxtı.az-a bildirib ki, 18 yaşına çatmamış şəxslərə enerji içkilərindən istifadə tövsiyə edilmir:

“Çünki enerji içkilərinin tərkibində yüksək miqdarda kafein və digər stimullaşdırıcı maddələr mövcuddur”.

Müsahibimiz qeyd edib ki, yeniyetmələrin sinir və ürək-damar sistemi hələ inkişaf mərhələsində olduğu üçün energetik içkilər onlarda ürək döyüntüsünün artması, təzyiq yüksəlməsi, yuxusuzluq və diqqət pozğunluğu kimi problemlərə səbəb olur”.


MANŞET XƏBƏRLƏRİ