ABŞ prezidenti Donald Trampın İtaliyanın baş naziri Corcia Meloni ilə bağlı səsləndirdiyi fikirlər iki ölkə arasında yeni diplomatik gərginliyə səbəb olub.
Turkustan.az xəbər verir ki, Tramp Fransada keçirilən G7 Zirvə toplantısından sonra İtaliyanın La7 televiziya kanalına telefonla verdiyi qısa müsahibədə Meloninin onunla şəkil çəkdirmək istədiyini iddia edib.
“Baş naziriniz necədir? Yəqin ki, onunla danışdığım üçün xoşbəxtdir. Mənimlə şəkil çəkdirmək üçün yalvardı. Əslində şəkil çəkdirməzdim, amma ona yazığım gəldi”, - deyə Tramp bildirib.
ABŞ prezidentinin bu açıqlaması İtaliyada ciddi reaksiyalara səbəb olub. Corcia Meloni isə cavabında Trampın iddialarını rədd edərək, “Nə mən, nə də İtaliya heç vaxt yalvarmır”, - deyə vurğulayıb.
Son aylarda Vaşinqton və Roma arasında müəyyən fikir ayrılıqları müşahidə olunurdu. İtaliyanın Siciliyadakı hərbi bazaların ABŞ təyyarələri üçün istifadəsinə icazə verməməsi və Meloninin Trampın Papa XIV Leo ilə bağlı bəzi açıqlamalarını tənqid etməsi tərəflər arasında münasibətlərin soyuması kimi qiymətləndirilmişdi.
G7 sammiti zamanı iki lider arasında keçirilən görüşdən sonra gərginliyin azaldığı düşünülsə də, Trampın son açıqlaması bu mübahisələri yenidən gündəmə gətirib.
Aytən Yaşar/ Turkustan.az