İrəvan konstitusiya dəyişikliyindən imtina edir? – RƏSMİ


Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan yeni Konstitusiyanın qəbul edilməsi gündəliyinin dayandırılmayacağını açıqlayıb.

Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, o bunu parlamentdə brifinqi zamanı jurnalistin konstitusion çoxluq tələb edən məsələnin təxirə salınacağını, yoxsa hakim partiyanın onu həyata keçirmək üçün başqa hüquqi yollar axtaracağı barədə sualını cavablandırarkən deyib.

“Heç nə təxirə salınmayacaq. Gündəliyimizdə irəliləməyə davam edəcəyik”, – Ovannisyan bildirib.

Hakim fraksiyanın katibi müəyyən çətinliklərin yaransa da, hökumətin öz gündəliyini həyata keçirmək üçün çalışmağa davam edəcəyini qeyd edib.

Ovannisyanın sözlərinə görə, yeni Konstitusiyanın qəbul edilməsi gündəliyi 2019-cu ildən bəri “Vətəndaş Müqaviləsi”nin gündəmindədir:

“Gündəmimizdən yayınmayacağıq, bunun üçün hüquqi həll yolları tapacağıq. Sizi əmin edirəm ki, bunun üçün həm hüquqi, həm də siyasi həll yolları var”.

O əlavə edib ki, həmin həll yolları yeni parlament formalaşdıqdan sonra daha aydın görünəcək.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Baş nazir Nikol Paşinyanın sədri olduğu “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,8 faizini toplayıb. Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,2 faiz, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,9 faiz səs alıb. Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası 3,9 faiz səs toplasa da, Ermənistan parlamentinə düşə bilməyib.

“Vətəndaş Müqaviləsi” seçkilərin nəticələrinə əsasən hökumət qurmaq üçün müvafiq çoxluğu təmin etsə də, konstitusion çoxluq əldə edə bilməyib.

Ermənistanda Konstitusiya dəyişikliyi yekun sülh sazişinin imzalanması üçün rəsmi Bakının son tələbidir. Azərbaycan Ermənistandan ölkəmizə və Türkiyə qarşı ərazi iddialarının Konstitusiyadan çıxarılmasını tələb edir.


MANŞET XƏBƏRLƏRİ