Xalidə Əli qızı
filologiya üzrə fəlsəfə doktoru
Son zamanlar sevgi haqqında qəribə bir inamsızlıq yaranıb. Gənclər “sevgi yoxdur” deyirlər. Kimi “sevən həmişə uduzur” fikrini müdafiə edir, kimi də “Məcnun olmayacaqsan ki...” deyib söhbəti yarımçıq saxlayır. Hətta müasir sevgi şeirlərində belə bir ümidsizlik dolaşır:
“Nə səndən Romeo olası deyil, nə məndə Cülyetta məhəbbəti var...”
Sanki sevgi artıq böyük dastanların mövzusu deyil. Sanki eşq gündəlik həyatın içində yox, yalnız kitabların arasında qalıb. Amma məncə problem sevginin yoxluğunda deyil. Problem sevgini yanlış yerdə axtarmağımızdadır.
Biz əsrlərdir ki, məcnunlara heyran olmuşuq. Qovuşmayanlara, yananlara, çöllərə düşənlərə. Eşqin böyüklüyünü ağrının ölçüsü ilə qiymətləndirmişik. Bəlkə elə buna görə ağlıma qəribə bir sual gəlir:
Niyə Məcnun yadda qalıb, İbn-Səlam yox?
Niyə Füzulinin “Leyli və Məcnun” əsərində bir tərəfdə eşqindən dəli olmuş Məcnun, digər tərəfdə isə varlı, nüfuzlu və cəmiyyətdə hörmət sahibi İbn Səlam obrazı dayanır?
Axı əslində, İbn Səlam bəlkə də Leylini Məcnundan daha çox sevib — kim bilir?! Bəlkə də Leylinin bir baxışı üçün gecələr yuxusuz qalıb, onun bir gülüşünü görmək üçün günlərlə yol gözləyib. Öz kamına yetməyib, soyuqluq görüb, laqeydliklə qarşılaşıb, amma yenə də sevgisindən dönməyib. Leylinin dilindən düşməyən başqa bir adın kölgəsində yaşamağa belə razı olub. Hətta ölüm yatağına düşməsi də bəlkə bu dərddən idi? Kim bilir, bəlkə də sevməsəydi, bütün bunlara dözməzdi.
Biz belə adamlara həyatda da tez-tez rast gəlirik: səssiz sevənlərə, gözləyənlərə, dəyər verənlərə... Amma çox vaxt onların hekayəsi dastana çevrilmir.
Heç bu məqama diqqət yetirmişdiniz? Bir tərəfdə varlı, nüfuzlu və cəmiyyətdə hörmət sahibi bir gənc olan İbn Səlam, digər tərəfdə isə cəmiyyətin “dəli” adlandırdığı Məcnun. Burada insanı düşündürən əsas sual budur: niyə əsrlər boyu insanlar İbn Səlam kimi zəngin, mötəbər, yüksək mövqe sahibi olan şəxslərə heyran qalsalar da, Məcnunun eşqini sevgi ilə xatırlayıblar?
Bəlkə Füzuli, nənələrin dediyi kimi, “qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya zurnaçıya” deyiminə inanıb? Yaxud “aşiqin gözü kor olar”, “eşq ağıl tanımaz”, “eşq gələndə ağıl gedər” düşüncəsini müdafiə edib?
Xeyr!
Füzuli göstərir ki, ağıl insanı ucaldır, lakin qəlbə toxunan həqiqət bəzən bütün zənginliklərdən güclü olur. Məhz buna görə Məcnunun “dəliliyi” əsrləri aşan bir məna qazanır. Eşqin qarşısında ağılın gücü məhdud qalır.
Məcnunun fərqi də buradadır: o, eşqi izah etməyə çalışmır, eşqin özünə çevrilir.
Məcnun əslində eşqin fəryadıdır, İbn Səlam isə eşqin səssiz tərəfi. Biri sevgisini dünyaya hayqırır, digəri bəlkə də səssizcə yaşayır. Amma əsl gözəllik təkcə sevməkdə deyil — insanın sevdiyi tərəfindən də seçilməsindədir.
İbn Səlam dediyimiz kəs o görünməyən adamdır. Hər sevgi hekayəsində olan, amma heç kimin xatırlamadığı adam. Sevən, gözləyən, anlayan, bağışlayan, əlindən gələni edən, amma seçilməyən adam.
Bəzən eşqi elə təqdim edirik ki, sanki ən böyük məhəbbət qarşılıq görmədən sevməkdir. Halbuki sevginin ən kamil halı qarşılıqlı sevgidir. Çünki seçmək gözəldir, amma seçilmək də gözəldir. Sevmək gözəldir, amma sevilmək də gözəldir.
Çünki eşqin qüdrəti bir qəlbi yandırmaqda deyil. Eşqin qüdrəti iki qəlbi eyni anda isidə bilməsindədir.
Bəlkə də biz illərlə yanlış suala cavab axtarmışıq. Sual “Leyli Məcnunu seçməli idi, yoxsa İbn Səlamı?” deyil.
Əsl sual budur:
İnsan niyə yalnız sevməyi eşq sayır, sevilməyi yox?
Halbuki həyatın ən gözəl anı sevdiyin insanın gözlərinə baxıb öz sevginin əksini görə bildiyin andır. Çünki insan sevəndə gözəldir. Amma insan həm sevib, həm də sevildiyində tamamlanır. Məcnun olmaq eşqin gücünü göstərir, amma həm Məcnun olub, həm də Leyli tərəfindən sevilmək — eşqin möcüzəsidir.
Sevgi bir insanın qəlbinə toxunub orada iz buraxmaq, həmin qəlbi qorumaq üçündür; öz boşluqlarımızı doldurmaq, öz ehtiyaclarımızı ödəmək üçün yox. Sevgi bir insanın hisslərini, etibarını, qəlbini qorumaqdır, istifadə etmək yox.
Bəlkə də eşqin ən böyük sınağı da budur: sevdiyimiz insan yanımızda olanda onu qiymətləndirə bilmək. Çünki insan yalnız sevdiyi zaman yox, sevdiyini qoruduğu zaman gözəldir.