Avstraliya hökuməti Rusiyanın Ukraynaya qarşı davam edən işğalına qarşı mübarizəni dəstəkləmək məqsədilə əlavə 100 milyon dollar həcmində hərbi yardım ayıracağını açıqlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, ötən ilin dekabrında Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı (PURL) təşəbbüsü çərçivəsində ayrılan 50 milyon dollarlıq öhdəlikdən sonra, növbəti 12 ay ərzində əlavə olaraq 50 milyon dollarlıq iki yeni yardım paketi təqdim olunacaq.
Qeyd olunur ki, Avstraliya NATO ilə tərəfdaşlıq çərçivəsində Ukraynanı hava hücumundan müdafiə sistemləri və sursatlar daxil olmaqla, özünümüdafiə üçün zəruri hərbi vasitələrlə təmin etməyə davam edir.
Nazirliyin məlumatına görə, bu son qərarla Avstraliyanın Ukraynaya ümumi yardımı 1,8 milyard dollardan çoxa çatır. Bunun 1,6 milyard dollardan çoxu isə Rusiyanın tammiqyaslı işğalının başlanmasından bəri göstərilən hərbi dəstəkdir.
Aytən Yaşar/ Turkustan.az