İsrail hökumətinin ABŞ-ın Ankaradakı səfiri və Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tom Barrakla “İsrail əleyhinə mövqeyinə” görə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq qərarına gəldiyi iddia olunur.
Turkustan.az xəbər verir ki, “Maariv” qəzetinin məlumatına görə, İsrailin yüksək vəzifəli siyasi mənbəsi bildirib ki, Təl-Əviv administrasiyası Barrakın avqustun 18-də Suriyanın İdlib əyalətində fəaliyyət göstərməyən Əbu Zuhur hərbi hava bazasına endirilən zərbəni pisləməsinə və Türkiyənin Qəzza məsələsində daha fəal rol almasını tələb etməsinə mənfi reaksiya verib.
Mənbənin sözlərinə görə, kəşfiyyat məlumatlarının paylaşılmasının dayandırılması qərarı Barrakın “İsrailin tərəfində olmadığı” qənaəti ilə bağlıdır.
Hesabatda qeyd olunur ki, Təl-Əviv ABŞ-ın İsrailin təhlükəsizliyinə uzun illərdir davam edən dəstəyinin zəifləməsindən getdikcə daha çox narahatdır. Bu narahatlığın yalnız ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahuya qarşı səbrinin tükənməsi ilə deyil, İsrail-Suriya danışıqlarında əsas rol oynayan Barrakın mövqeyi ilə də əlaqəli olduğu bildirilir.
Barrak daha əvvəl İsrailin təhlükəsizlik ehtiyaclarına kifayət qədər həssas yanaşmayan və bəzi hallarda Təl-Əvivdə məsafəli, hətta düşmən mövqeyi kimi qəbul edilən açıqlamalar verən diplomat kimi təqdim olunub. Hətta İsrail baş naziri Benyamin Netanyahunun onu “düşmən element” kimi gördüyü də iddia edilib.
Aytən Yaşar/ Turkustan.az