“14 avqustda Suriya xarici işlər naziri və İsrailin MOSSAD kəşfiyyat xidmətinin rəhbəri telefon danışığı aparıb. Bu zaman Türkiyənin Suriyadakı mövcudluğu müzakirə edilib və Əbu Zuhur bazası da gündəmə gətirilib. Bu danışıqdan dörd gün sonra Əbu Zuhur bombalandı. ABŞ və Suriyaya məlumat verilib. Başqa sözlə, onlar Suriyanı da bombalayacaqlarını deyiblər. Amma nə Suriya, nə də Amerika Türkiyəyə bu barədə məlumat vermədi. Niyə Amerika səfiri Tom Barak heç nə demədi?”
Turkustan.az globalinfo.az-a istinadən xəbər verir ki, bu sözləri ehtiyatda olan türkiyəli kontr-admiral Prof. Dr. Cihat Yaycı GZT-nin baş redaktoru Doğukan Gezerin təqdimatında yayımlanan “Xəritə” proqramında deyib.
“Netanyahunun ofisindən verilən açıqlamada deyilir ki, Türkiyə burada özünü möhkəmləndirmək niyyətində idi və biz bunu Suriya ilə təhlükəsizlik sahəsində qurduğumuz status-kvonun pozulması hesab edirik. Biz buna icazə verməyəcəyik, deyir. Sual oluna bilər, siz kimsiniz ki, buna icazə verməyəcəyinizi deyirsiniz?”
C.Yaycı bildirib ki, Türkiyə-İsrail münasibətləri baxımından gərginliyin azaldılması mexanizmi də mövcud idi:
“Və ilk dəfə olaraq iki ölkə bu qədər isti bir şəkildə yaxınlaşdılar. Əgər Türkiyə burada mövcudluğunu qoruya bilməsə, onun təhlükəsizliyi həqiqətən təhlükə altında olacaq. Lakin burada mövcudluğunu qoruyub saxlasa, İsraillə münaqişəyə girəcək. Kritik bir vəziyyət yaranıb.
Cənubi və cənub-şərqi Suriya hazırda İsrailin nəzarəti altındadır. Onlar Suriyanın inkişaf etməsini, yenidən qurulmasını, gücləndirilməsini və ya güclü silahlı qüvvələrə sahib olmasını qətiyyən istəmirlər. Bunu açıq şəkildə deyirlər. Uzağı əli tüfəngli ordusu ola bilər. Ağır silahlara sahib olan PKK-YPG-dir. S-400-lərin mümkün qədər tez çıxarılmalı olduğu barədə açıqlama çox önəmlidir. Əgər S-400-lər burada olsaydı, İsrail bu qədər yaxınlaşa bilərdimi?”
Ekspert, həmçinin, İsraildə dərc olunmuş bir məqaləyə diqqət çəkib:
“Bu məqalədə Türkiyənin Şimali Kiprdəki hərbi mövcudluğunun NATO-nun 5-ci maddəsi çərçivəsindən kənara çıxdığı deyilir. Onlar iddia edirlər ki, 5-ci maddə milli sərhədlərə şamil edilir və Türkiyənin Şimali Kiprdəki hərbi mövcudluğu Əbu Zuhurdakı mövcudluğuna bənzədilir. Bunun onlar üçün təhlükəsizlik məsələsi olduğunu deyirlər. Bu məqalə çox tənqidi xarakter daşıyır və müəlliflər sıradan insanlar deyil. İsraildə Türkiyə ilə qarşıdurmaya girməməli olduqlarını deyən keçmiş siyasətçilər və hərbçilər də var, lakin onlar təsiretmə imkanına malik deyil”.