İranda böyük təbii qaz yatağının aşkar edildiyi açıqlanıb.
Turkustan.az xəbər verir ki, İranın neft naziri Möhsün Paknejad ölkənin cənubundakı Fars əyalətində 7,5 trilyon kub futdan çox, yəni təxminən 212,4 milyard kubmetr təbii qaz ehtiyatının kəşf edildiyini bildirib.
İran dövlət televiziyasına açıqlama verən Paknejad yataqdakı qazın təxminən 72-73 faizinin hasil edilə biləcəyini qeyd edib.
Onun sözlərinə görə, yataqdan təxminən 5,7 trilyon kub fut, yaxud 161 milyard kubmetr qazın çıxarılması mümkündür.
Nazir kəşf edilən qazı “təzə qaz” kimi xarakterizə edib. Bildirilib ki, bu xüsusiyyət yatağın işlənməsi və hasilata başlanması ilə bağlı xərclərin azaldılmasına imkan verə bilər.
Yeni yatağın kəşfi İranın enerji ehtiyatlarını genişləndirməklə yanaşı, ölkənin qaz hasilatı və ixrac imkanları baxımından da əhəmiyyətli hesab olunur.
Aytən Yaşar/ Turkustan.az