İran üçün yeni təhlükə: ABŞ iqtisadi mühasirəni genişləndirir


ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi təzyiqi daha geniş iqtisadi blokada ilə tamamlamaya hazırlaşır.

Turkustan.az xəbər verir ki, Tramp son açıqlamalarında Tehrana qarşı yeni sanksiyalar dalğasının tətbiq ediləcəyini bildirib və bunu “bir ölkəyə indiyə qədər tətbiq edilmiş ən ağır iqtisadi sarsıdıcı əməliyyat” kimi xarakterizə edib.

Vaşinqtonun əsas məqsədi İranın xarici dünya ilə qalan iqtisadi əlaqələrini mümkün qədər məhdudlaşdırmaq, ölkənin enerji gəlirlərini azaltmaq və Tehranın beynəlxalq maliyyə sisteminə çıxışını daha da çətinləşdirməkdir.

Trampın açıqlamalarında diqqət çəkən əsas məqam isə sanksiyaların yalnız İranı hədəf almamasıdır. ABŞ prezidenti bildirib ki, İrana yardım edən, Amerika sanksiyalarından yayınmağa kömək göstərən və ya Tehranın iqtisadi əlaqələrini açıq saxlamağa çalışan ölkələr, şirkətlər və təşkilatlar da ağır sanksiyalarla üzləşə bilərlər.

Beləliklə, Vaşinqton İran üzərində iqtisadi təzyiqi ikitərəfli sanksiyalar çərçivəsindən çıxarmağı və üçüncü ölkələri Tehranla ticarət etmək və ya ABŞ maliyyə sisteminə çıxışı qorumaq arasında seçim qarşısında qoymağı hədəfləyir.

Tramp administrasiyasının bu yanaşması tamamilə yeni strategiya deyil. Vaşinqton tarixən siyasi və hərbi rəqiblərinə qarşı iqtisadi təzyiqi xarici siyasət aləti kimi dəfələrlə tətbiq edib. İraq və Liviyaya qarşı sanksiyalar, Sovet İttifaqının Əfqanıstana müdaxiləsindən sonra Moskvaya tətbiq edilən iqtisadi məhdudiyyətlər, həmçinin Yaponiya, Çin, Şimali Koreya və Kubaya qarşı tədbirlər ABŞ-ın iqtisadi təzyiq siyasətinin uzunmüddətli alətə çevrildiyini göstərir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ