Qarayara təhlükəsi artır: Necə qorunaq? – İNFEKSİONİSTDƏN AÇIQLAMA


“Qarayaranın törədicisi “Bacillus anthracis”dir. İnsandan-insana keçmə yolları çox təsadüfi hallarda mümkündür. Əsasən zoonoz infeksiya olduğuna görə heyvanlar arasında daha çox yayılır. Xəstə və ya tələf olmuş heyvanlardan — iri və xırda buynuzlu mal-qara, qoyun, keçi və digər təsərrüfat heyvanlarından təmas vasitəsilə insanlara yoluxa bilər. Əgər insanın əlində yara, yanıq və ya digər zədələr varsa, yoluxmuş heyvanın dərisinə, qanına, tüklərinə, yununa və ətinə toxunduqda da yoluxma mümkündür”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında infeksionist Ləman Qalimova deyib. O bildirib ki, Çiy və kifayət qədər bişməmiş ətdən də yoluxma mümkündür:

“Həmçinin inqalyasiya vasitəsilə, yəni nəfəs aldıqda yoluxmuş heyvanın sporları tənəffüs yoluna və ağciyərlərə düşərək “Bacillus anthracis” infeksiyası törədə bilər. Çiy və kifayət qədər bişməmiş ətdən də yoluxma mümkündür.

Xəstə və ya qəfil ölmüş heyvanlara toxunmaq olmaz. Səbəbi bilinmədən ölən heyvanların dərisini soymaq, ətini kəsmək və yemək çox təhlükəlidir; bu hallardan çəkinmək lazımdır. Mütləq şəkildə ət çiy deyil, yaxşı bişirilmiş şəkildə yeyilməlidir. Baytarlıqla məşğul olanlar xüsusilə diqqətli olmalıdırlar.

Xəstəliyin müalicəsində antibiotiklərdən istifadə olunur, ancaq özbaşına antibiotik qəbul etmək və özbaşına profilaktik antibiotik terapiyası aparmaq olmaz. Mütləq şəkildə insanla bağlı olduqda həkimlərə, heyvanlarla bağlı olduqda isə baytarlara müraciət etmək lazımdır”.

Xatırladaq ki, avqustun 13-də Abbas Səhhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə qarayara infeksiyası əlamətləri ilə 11 nəfər yerləşdirilib. Bu şəxslərin böyük əksəriyyəti Samux rayonunun Alıuşağı kənd sakinləridir. Yolxuma faktından sonra Samux rayonunun Alıuşağı kəndində xüsusi nəzarət postu quraşdırılıb.


MANŞET XƏBƏRLƏRİ