Hindistan Türkiyə və Pakistanın da yer aldığı hərbi alyansın genişlənməsindən narahatdır
Turkustan.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanda Banqladeşin Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin yer aldığı “Məkkə Paktı”na qoşulması ehtimalından ciddi narahatlıq yaranıb.
Məlumata görə, Hindistan Banqladeşin bu ittifaqa cəlb olunması təşəbbüsünün əsasən Pakistan tərəfindən irəli sürüldüyünü düşünür.
Hindistan tərəfi hesab edir ki, Banqladeşin alyansa qoşulması gələcəkdə Pakistanla mümkün hərbi qarşıdurma zamanı ölkə üçün əlavə risk yarada bilər. Belə ki, bu halda Hindistan nəzəri olaraq həm qərbdən Pakistan, həm də şərqdən Banqladeş istiqamətində hərbi təzyiqlə üzləşə bilər.
Mənbənin iddiasına görə, mümkün ittifaqın şərtləri Pakistanın Hindistanla hərbi qarşıdurma vəziyyətində Banqladeş ərazisindən istifadə etməsinə də imkan verə bilər.
Bu səbəbdən Hindistanın Banqladeşin alyansa qoşulmasının qarşısını almaq üçün “bütün mümkün səyləri” göstərdiyi bildirilir.
Hazırda Banqladeşin bu ittifaqa qoşulması ilə bağlı yekun qərar açıqlanmayıb. Məsələ Cənubi Asiyada Pakistan-Hindistan rəqabəti fonunda regionun təhlükəsizlik balansına təsir edə biləcək addımlardan biri kimi qiymətləndirilir. /modern.az/