SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi işğaldan azad olunmuş ərazilərin qazlaşdırılması prosesini davam etdirir. Mavi yanacaqla təmin olunan yaşayış məskənlərindən biri də Ağdərənin Vəngli kəndidir.
Birlik tərəfindən təşkil olunan bu dəfəki mediaturda jurnalistlər adıçəkilən kənddə görülən işlərin canlı şahidinə çevrildilər. Çətin relyef şəraitinə malik Vəngli kəndində cari ilin mayından start götürən qazlaşma işləri haqqında ətraflı məlumat verilib. İş icraçısı Ələddin Aşıralıyev nəzərdə tutulan 15.000 paqonmetr qaz xəttindən artıq 12.000-nin çəkildiyini bildirib. Eyni zamanda 130 fərdi yaşayış evinə qaz sayğacı quraşdırılıb və mavi yanacaqla təmin edilib. İlin sonunadək daha 26 evin təbii qazla təmin ediləcəyi vurğulanıb. Müxtəlif diametrli borularla çəkilən qaz xətlərinin isə ümumilikdə 300 ev üçün nəzərdə tutulduğu bildirilib. Media nümayəndələri də onları maraqlandıran sualları ünvanlayıblar.
Mediaturun ikinci günü çərçivəsində jurnalistlər Xankəndi şəhərində yerləşən Qarabağ Regional Qaz İstismarı İdarəsində olublar. Media nümayəndələrinə "Azəriqaz" İB tərəfindən görülən işlər haqqında ətraflı məlumat verilib. Regional İdarənin baş mühəndisi Qiyas Abdullayev işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 30 yaşayış məntəqəsinin qazlaşdırıldığını və bunun da 6800 abonenti əhatə etdiyini bildirib. Qonaqlar həmçinin Xankəndi Xidmət Sahəsinin inzibati binasında görülən təmir-bərpa işlərilə də tanış olublar.
Sonda jurnalistlər Xankəndi şəhərindəki Kərkicahan qəsəbəsinə təşrif buyurublar. Burada görülən yenidənqurma və bərpa işləri ilə elə yerindəcə tanış olublar. Məlumat verilib ki, qəsəbədə 30 fərdi yaşayış evinə qaz xətti çəkilərək sayğac quraşdırılıb. Mediatura Xənkəndi şəhər gəzintisi ilə yekun vurulub.












