H3N2 ştammının yaratdığı yeni qrip dalğası artıq onlarla ölkəni bürüyüb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Epidemioloji və Pandemiya Təhlükələrinin İdarə Edilməsi Departamentinin Qlobal Respirator Təhlükələri Şöbəsinin müdiri Ventsin Çjanın açıqlamasında bildirib. Onun sözlərinə görə, virus artıq dünyanın 30 ölkəsində təsdiqlənib. Əlamətlər tipik olsa da, yaşlılar və zəifləmiş immunitet sistemi olanlar üçün bu virus ölümcül ola bilər.
Bəs mutasiyaya uğramış qrip virusu Azərbaycanda aşkarlanıb?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinin müdiri Xatirə Əliyevanın sözlərinə görə, ölkəmizdə H3N2 qrip virusuna rast gəlinməyib:

“Qanuni olaraq yoxlanıldıqdan sonra biz onu deyə bilərik ki, belə bir virus mövcuddur ya yox. Havaların soyuması, dəyişkən olması ilə əlaqədar insanlar arasında qrip xəstəliyinin artması müşahidə edilir. Qrip və ya influenza tənəffüs sisteminin zədələnməsi ilə müşahidə edilən kəskin virus infeksiyasıdır. Xüsusilə hava damcı yolu ilə insandan insana asanlıqla keçir. Qrip adətən anidən, kəskin formada başlayır. Yüksək hərarət, üşütmə, titrətmə, boğaz nahiyəsində ağrı, quru öskürək, burun əlamətləri ilə özünü göstərir. Belə insanlarda halsızlıq, iştahsızlıq müşahidə edilir. Uşaqlarda bəzən mədə bulanması, qusma, ishal kimi əlamətlər də ola bilər. Qrip adətən soyuqdəymədən daha kəskin və şiddətli keçə bilər. Xəstəliyin diaqnozu əsasən kliniki əlamətlərinə görə də qoyula bilər. Eyni zamanda laborator müayinələrlə də təsdiqlənə bilər. 1-7 gün müddətində sağala bilər, lakin bəzi hallarda ciddi ağırlaşmalar da müşahidə edilə bilər. Xəstəlik ağırlaşdığı zaman pnevmoniya, bronxit, orta qulaq infeksiyaları müşahidə edilir. Eyni zamanda qrip virusu xroniki xəstəlikləri olan insanlarda daha ağır keçə bilər. Məsələn, astma, ürək xəstəlikləri, şəkərli diabeti olan insanlarda daha ağır keçir. Xəstə insanlar izolyasiya olunmalıdır. Onlarla yaxın təmasdan çəkinmək lazımdır. Bir də əllərin tez-tez yuyulması, qripə qarşı vaksinasiyadan istifadə etmək olar”.
Səhiyyə Nazirliyindən isə H3N2 virusu ilə bağlı epidemioloji vəziyyətin nəzarətdə olduğu bildirilib.