Buraxılış imtahanlarının mart–aprel aylarında keçirilməsi tamamilə qanunauyğundur və bu praktika dünyanın bir çox ölkəsində tətbiq olunur. Müxtəlif ölkələrdə buraxılış imtahanlarının keçirilmə tarixləri fərqlidir və bu, tədris prosesinin təşkilindən asılıdır.
Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi buraxılış imtahanlarının erkən keçirilməsi barədə danışarkən deyib.
Ekspert bildirib ki, bəzi ölkələrdə imtahanlar hətta dekabr ayında, bəzilərində martda, inkişaf etmiş ölkələrin bir qismində isə aprel–may aylarında keçirilir:
“Burada əsas məsələ ondan ibarətdir ki, buraxılış imtahanlarında şagirdlər imtahana qədər tədris olunan mövzular əsasında qiymətləndirilir və onların bilik və bacarıqları yoxlanılır. Söhbət məhz buraxılış imtahanlarından gedir. Azərbaycanda buraxılış imtahanları eyni zamanda ali məktəblərə qəbulun birinci mərhələsi, kolleclərə qəbulun isə əsas mərhələsi hesab olunur. Şagirdlər buraxılış imtahanı verdikdən sonra birbaşa kollecə qəbul ola bilirlər”.
Elçin Əfəndi qeyd edib ki, tədris ili başa çatmadan imtahanların keçirilməsinin əsas səbəblərindən biri nəticələrin yoxlanılmasının uzun zaman aparmasıdır:
“Hazırda keçirilən imtahanların nəticələrinin yoxlanılması kifayət qədər vaxt tələb edir. Bu da imtahanların erkən tarixdə keçirilməsini zəruri edir. Gələcəkdə imtahanlar elektron qaydada keçirilsə, o zaman onların may–iyun aylarına təsadüf etməsi mümkün ola bilər”.
Elçin Əfəndi vurğulayıb ki, Dövlət İmtahan Mərkəzi imtahan zamanı yalnız imtahan tarixinə qədər tədris olunan mövzuları nəzərə alır:
“Məsələn, imtahan martın 15-də keçirilirsə, həmin vaxta qədər keçilən mövzular üzrə bilik və bacarıqlar qiymətləndirilir. Buraxılış imtahanından sonra şagirdlərin məktəbə davam etməsi mütləqdir. Şagirdlər imtahan verdikləri və vermədikləri fənlər üzrə yekun attestat qiymətləri alırlar. Həmin qiymətlər qəbul prosesində həlledici rol oynayır. “İmtahan verdim, dərsə getmirəm” anlayışı yoxdur. Bu, şagirdin attestat almaması və nəticədə ali və ya orta təhsildən kənarda qalması ilə nəticələnə bilər”.