Əcnəbi ilə evlənənləri boşananda nə gözləyir? - 631 nikahın PƏRDƏARXASI


Bu ilin ilk 5 ayı ərzində vətəndaşlarımızla əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər arasında 631 nikah qeydə alınıb.

turkustan.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin məlumatında bildirilib.

Nikahlar əsasən Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna və Özbəkistan vətəndaşları ilə qeydə alınıb.

Vətəndaşlarımızın xaricilərlə evliliyə maraqlı olmasının səbəbi nədir?Xarici vətəndaşla ailə qurmağın hansı üstünlükləri var? Əcnəbi ilə evlənən vətəndaşlarımız boşananda ən çox hansı çətinliklərlə üzləşə bilirlər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan sosioloq Hüseyn İbrahimov bildirib ki, əcnəbilərlə və ya vətəndaşlığı olmayan şəxslərlə ailə qurulması halları yalnız ölkəmizdə deyil, bütün dünyada artıb:

"Avropada, Amerikada, postsovet məkanı ölkələrində və Azərbaycanda bu evliliyə marağın yaranmasının sosial səbəbləri çoxdur. Belə ki, insanların iş imkanlarının qloballaşan dünyada genişlənməsi, sosial şəbəkələr üzərindən olan tanışlıqlar və s. bu kimi hallar prosesi sürətləndirən amillərdir. Dünyada qlobal vətəndaşlıq tandemi kimi anlayışın güclənməsi daha çox insanın ünsiyyət platformalarını regional və qlobal müstəvidə artırır”.

Müsahibimiz qeyd edib ki, ölkəmizdə vətəndaşların xaricilərlə evlilik və ailə münasibətləri Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12-ci maddəsi ilə tənzimlənir. Bu kontekstdə milli qanunvericiliyimiz ailə-evlilik münasibətlərinin qurulması, gələcəkdə vətəndaşlıq məsələsi, boşanma zamanı uşaqların hansı valideynin yanında qalması və mülkiyyətin bölgüsü kimi məsələlərdə kifayət qədər bərabər imkanlar yaradır.

Sosioloqun dediyinə görə, vətəndaşlarımız Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna və Özbəkistanla yanaşı, İran və Səudiyyə Ərəbistanı vətəndaşları ilə də evliliyə üstünlük verirlər:

"Xarici vətəndaşlarla ailə qurmağın üstünlükləri fərdi və sosial-psixoloji hadisələrdir. Ümumilikdə, xarici vətəndaş dedikdə düşünmək lazımdır ki, bu hansı ölkənin vətəndaşıdır. Elə ölkələr var ki, onlarla xalqımızın adət-ənənələri, dil, din xüsusiyyətləri kimi amillər vətəndaşları bir araya gətirir. Təbii ki, bu cür hallar ailə modelinin, ailə mədəniyyətinin gələcəkdə qarşılıqlı harmoniyada yaşaması baxımından vacib şərtlərdir”.

Onun sözlərinə görə, digər tərəfdən isə dini və adət-ənənələr, mədəni sahədə yaxınlaşmalar, mədəniyyət, gündəlik həyat tərzi baxımından xarici ölkələrin vətəndaşları ilə nikah xalqlararası dostluğun artması, cəmiyyətlər arasında inteqrasiyanın güclənməsi və dövlətlərarası münasibətlərin yaxşı təməllərlə qurulması baxımından mühüm bir faktor kimi önəmlidir.

Hüseyn İbrahimov: Əcnəbi ilə evlənmədən öncə prosesin həmin ölkənin qanunvericilik norma və aktlarını yaxşı bilməlidirlər

H.İbrahimovun fikrincə, boşanan zaman əsas çətinliklərdən biri uşaqların taleyi və mülk məsələsi ilə bağlı olur:

"10 yaşından yuxarı uşaqlar hansı valideynin yanında qalması ilə bağlı qərar verə bilirlər. Uşaqlar ananı seçdikdə (daha çox ananı seçirlər), bu zaman kişilər üçün bir qədər çətin və ağır olur. Bəzən elə uşaqlar olur ki, atanı seçirlər, bu, qadınlar üçün çətin olur. Bu kimi amillər uşaqların taleyində demoqrafik kontekstdə müəyyən gərginliklər yarada bilir”.

Digər çətinlik isə mülkiyyət məsələləri ilə bağlı olur:

“Hər iki vətəndaşın malik olduğu əmlaklar qadının yaşadığı ölkədədirsə, o zaman həmin ölkənin qanunvericiliyi kontekstində tənzimlənir. Bundan başqa, bəzi hallarda qadınla ailə qurmuş xarici vətəndaş yaşadığı ölkədə hər hansı bir mülkiyyətə malik olmur. Sonradan həmin uşaqların taleyi və qadının ev məsələsi kimi amillər ortaya çıxır".

Mütəxəssis tövsiyə edir ki, xarici ölkə vətəndaşı ilə ailə qurmadan öncə prosesin həmin ölkənin hüquqi, qanunvericilik norma və aktlarını yaxşı bilməlidirlər. Yəni, boşanma olacağı təqdirdə onları hansı çətinliklərin gözləməsi, hansı hüquqi proseduradan keçməli olacaqlarını qabaqcadan bilmələri olduqca vacibdir.

Gülşən Şərif


MANŞET XƏBƏRLƏRİ