Ankarada keçirilən NATO Liderləri Zirvəsindən sonra Berlində parlament üzvləri qarşısında çıxış edən Almaniya kansleri Fridrix Merz bildirib ki, ABŞ-la Tomahawk raketləri ilə bağlı razılaşma sammit çərçivəsində Vaşinqton administrasiyası ilə aparılan danışıqlar zamanı əldə olunub.
Turkustan.az xəbər verir ki, o, NATO Zirvəsinin gözləntiləri üstələdiyini qeyd edib.
Merz Tomahawk raketlərinin Almaniyanın müdafiə imkanları üçün mühüm addım olduğunu vurğulayıb. O bildirib ki, bu qərar ölkənin strateji müdafiəsindəki əhəmiyyətli boşluğu dolduracaq.
"Eyni zamanda, öz Avropa sistemlərimizi inkişaf etdirmək və onları bütün Avropada yerləşdirmək üçün çalışırıq", – deyə Merz əlavə edib.
ABŞ Prezidenti Donald Trampın may ayında Almaniyadakı Amerika hərbi mövcudluğunun azaldılacağını açıqlamasından sonra Tomahawk raketlərinin Almaniyada yerləşdirilməsi planı qeyri-müəyyən vəziyyətə düşmüşdü. Bu addım Vaşinqtonun Almaniyada uzaqmənzilli Tomahawk raketləri ilə təchiz olunmuş ABŞ bölməsinin yerləşdirilməsi planından geri çəkilməsi kimi qiymətləndirilirdi.
Berlin hökuməti hesab edir ki, Avropa öz uzaqmənzilli raket sistemlərini inkişaf etdirənədək Tomahawk raketləri Rusiyaya qarşı çəkindirici amil rolunu oynayacaq. Almaniya bu təşəbbüslə həm milli müdafiə imkanlarını gücləndirməyi, həm də Avropanın təhlükəsizlik arxitekturasına töhfə verməyi qarşısına məqsəd qoyur.
Aytən Yaşar/ Turkustan.az