Azərbaycanda taxıl məhsuldarlığının artırılması istiqamətində görülən tədbirlər fonunda çörəyin qiymətinin ucuzlaşıb-ucuzlaşmayacağı məsələsi yenidən gündəmə gəlib.
Bəs məhsuldarlığın artması həqiqətən də çörəyin qiymətinə təsir göstərə bilərmi?
KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, taxıl məhsuldarlığındakı artım prinsip etibarilə çörəyin qiymətinə aşağı istiqamətdə təsir göstərə bilər. Lakin onun sözlərinə görə, bu təsir birbaşa və avtomatik şəkildə baş vermir.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli: “İdxalın bu qədər artması xüsusən ciddi siqnaldır”
Ekspert qeyd edib ki, məhsuldarlıq artdıqda eyni əkin sahəsindən daha çox buğda əldə olunur, bu isə yerli istehsalın həcmini artıraraq ölkənin idxaldan asılılığını azalda bilər:
“Azərbaycan hazırda buğda tələbatının yalnız bir hissəsini yerli istehsal hesabına ödəyir, qalan hissəsini isə idxal edir. İdxal qiymətləri dünya bazarındakı dəyişikliklərdən, quraqlıq, gübrə qiymətləri və regional münaqişələr kimi amillərdən birbaşa asılıdır. Yerli məhsuldarlıq əhəmiyyətli dərəcədə artarsa və idxaldan asılılıq azalarsa, bu, ölkəni xarici qiymət şoklarına qarşı daha dayanıqlı edər və çörək qiymətlərinin sabitliyinə müsbət təsir göstərə bilər.”
Akif Nəsirli vurğulayıb ki, çörəyin son satış qiyməti yalnız buğdanın qiyməti ilə müəyyənləşmir.
“Üyütmə, nəqliyyat, enerji, əməkhaqqı və pərakəndə satış xərcləri də qiymətə ciddi təsir edən amillərdəndir.
Ucuzlaşsa belə, digər istehsal və logistika xərcləri artarsa, çörəyin qiyməti dəyişməyə və ya hətta yüksəlməyə davam edə bilər”.
Ekspert əlavə edib ki, Azərbaycanda un və çörək bazarı strateji əhəmiyyət daşıdığı üçün dövlət tərəfindən müəyyən nəzarət mexanizmləri tətbiq olunur. Strateji taxıl ehtiyatları və bazara müdaxilə alətləri qısamüddətli qiymət dəyişikliklərinin istehlakçıya birbaşa ötürülməsinin qarşısını qismən alır:
“Bu səbəbdən məhsuldarlığın artması dərhal çörəyin ucuzlaşması ilə nəticələnməyə bilər. Daha çox idxal xərclərinin azalması və dövlət büdcəsinə düşən yükün yüngülləşməsi kimi təsirlər müşahidə olunacaq.
Məhsuldarlıq artımının təsiri onun miqyasından da asılıdır. Kiçik artımlar bazarda nəzərə çarpmaya bilər. Lakin ölkə taxıl üzrə özünütəminetmə səviyyəsinə yaxınlaşacaq həcmdə istehsal artımına nail olarsa, bu, uzunmüddətli perspektivdə həm ərzaq təhlükəsizliyini gücləndirəcək, həm də çörək qiymətlərinin qlobal bazardakı dalğalanmalardan asılılığını azaldacaq”.
Beləliklə, ekspert hesab edir ki, taxıl məhsuldarlığının artması çörəyin qiymətinə aşağı istiqamətdə təzyiq yarada bilər. Ancaq bunun real qiymət azalmasına çevrilməsi məhsuldarlığın miqyasından, digər istehsal xərclərinin dinamikasından və dövlətin bazara tənzimləyici müdaxilə siyasətindən asılı olacaq.