Nə az, nə çox, düz 1 ay əvvəl iri marketlərdə yumurta 1 qəpiyə idi.
Alıcılar üst-üstə yığılmış kasetlərlə mağazları tərk etdikdə izah bu oldu ki, “endirim kampaniyasıdır”və ya “son istifadə tarixi yaxınlaşır”.
Həmin vaxt alıcılar arasında yumurtaların “süni” olması ilə bağlı narahatlıqlar yaransa da, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yoxlamalar zamanı uyğunsuzluq və ya süni yumurta faktı aşkarlanmadığını bildirdi. Hazırda əksər marketlərdə bu endirim başa çatıb və qiymətlər yenidən 15-20 qəpik aralığına yüksəlib.
“Yumurta ixracında əsas tərəfdaşlarımız Körfəz ölkələridir. Bu ilin may ayından etibarən ABŞ-yə ixracımız başlayıb. Ucuzlaşma məsələsinə gəlincə, bu situasiyalardan, periodik istehsal həcmlərindən, istehlakın uyğunlaşmasından asılıdır. Əlverişli şəraitdə yumurta qiymətlərinin yenidən ucuzlaşması gözləniləndir”.
Bu sözləri “Yeni Sabah”a "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin mətbuat katibi Dünya Sakit deyib.
O əlavə edib ki, cari il ərzində Azərbaycandan Rusiya Federasiyasına yumurta ixracı həyata keçirilməyib:
“2024-cü ildə Rusiyada ciddi yumurta çatışmazlığı yaranmışdı. Onların müəsissələrində quş qripinə görə çox sayıda toyuq tələf olmuşdu. Həmin vaxt Rusiya Azərbaycandan yumurta tədarük etdi. 2024-cü ildə Azərbaycandan Rusiyaya 40-50 milyon civarında yumurta ixrac edildi. 2025-ci ildə isə ölkəmizdən Rusiyaya yumurta ixracı olmayıb. Cari ildə də yoxdur. Bu il ümumiyyətlə ixrac gec başladı. Qış aylarında daxili tələbat yüksək olduğu üçün, müəsissələr ixrac etmədilər. Artıq Körfəz ölkələrinə ixrac başlanıb”.