“Bank of America”nın (BofA) analitikləri qızılın qiyməti ilə bağlı xəbərdarlıq ediblər. Onların fikrincə, ilin əvvəlindən başlayan ucuzlaşma daha da dərinləşə bilər. Hesablamalara görə, qızılın unsiyasının 3315 dollara qədər enməsi mümkündür.
Globalinfo.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli deyib ki, hazırda qızıl bazarında ciddi volatillik müşahidə olunur:
“Son altı ay ərzində qızılın qiymətində həm kəskin bahalaşma, həm də enişlər qeydə alınıb. Bu dəyişikliklərə dünya iqtisadiyyatında və geosiyasi mühitdə davam edən qeyri-müəyyənliklər əsas təsir göstərən amillərdəndir. Digər mühüm faktor ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz siyasətidir. Əgər gələcəkdə FED faiz dərəcələrini artırarsa və ABŞ dolları möhkəmlənərsə, bu, qızılın qiymətinə təzyiq göstərə və onun ucuzlaşmasına səbəb ola bilər”.

Eyyub Kərimli
İqtisadçı bildirib ki, dünya mərkəzi banklarının qızıl alışlarını azaltması da qiymətlərin aşağı düşməsinə təsir edən amillərdən biri ola bilər:
“Belə bir ssenari tamamilə mümkündür və onun reallaşması qlobal iqtisadi proseslərin inkişafından asılı olacaq. Hesab edirəm ki, qızıl qiymətləri artıq pik səviyyələrini gördükdən sonra eniş mərhələsinə daxil olub. Lakin bazarda yüksək volatilliyin yaxın dövrdə də davam edəcəyi istisna deyil. Qiymətlər isə qlobal iqtisadi və siyasi proseslərin təsiri altında dəyişkən olaraq qalacaq”.
Ləman İmran