Azırbaycanda armatur və şüşə listlərinin idxalı ilə bağlı yeni qaydalar tətbiq edilib. Dəyişikliyə əsasən, bu məhsulları idxal edən sahibkarlar əvvəlki kimi faiz əsaslı və ya minimum gömrük rüsumları ilə yanaşı, əlavə ödənişlər də edəcəklər. Belə ki, hər ton armatur üçün 150 manat, şüşə listlərinin hər tonu üçün isə 100 manat əlavə gömrük yığımı tutulacaq. Bəs bu tikinti bazarına və mənzil tikintisinə necə təsir edəcək?
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov “Yeni Sabah”a açıqlamasında bildirib ki, gömrük tarifləri və rüsumlarının müəyyənləşdirilməsi ölkə daxilində həmin malların istehsal vəziyyəti ilə bağlıdır. Onun sözlərinə görə, bu, dünya praktikasında da belədir.
Onun fikrincə, əgər daxili bazarın inkişafı üçün bu vacib hesab olunursa, uyğun gömrük rüsumları tətbiq edilir. Məqsəd isə yerli bazardakı malların xaricdən gətirilən məhsullarla sağlam rəqabət apara bilməsinə şərait yaratmaqdır:
“Hətta bu, yerli istehsalın inkişafı üçün əlavə perspektiv də yaradır. Hələ sovet dövründən Azərbaycanda armatur istehsal olunub. Hazırda ölkə daxilində ciddi rəqabət olmasa da, təxminən 3-4 şirkət istehsalla məşğuldur. Bu baxımdan armatur idxalına əlavə gömrük rüsumunun qoyulması müəyyən qədər məqsədəuyğun sayıla bilər”.

Ekspert vurğulayıb ki, Azərbaycanda istehsal həcmi o qədər də böyük deyil və mövcud istehsal olsa belə, keyfiyyət kifayət qədər yüksək səviyyədə olmur və ona görə də, ölkəyə əsasən Rusiya Federasiyasından və İrandan şüşə idxal olunur:
“Eyni zamanda, son illərdə yeni şüşə istehsalı müəssisələrinin açılması ilə bağlı müəyyən işlər də aparılır. Bu baxımdan şüşə məhsullarına da gömrük rüsumlarının qaldırılması hazırda həyata keçirilir. Bu addımın daxili bazara təsiri olub-olmayacağına gəlincə, sözsüz ki, az da olsa, təsiri olacaq. Lakin bunun daşınmaz əmlak sektoruna və ya ümumilikdə inşaat sektoruna ciddi təsir göstərəcəyini demək çətindir. Çünki rüsumlar elə də kəskin şəkildə artırılmır və ümumi daşınmaz əmlak və inşaat bazarında bu məhsulların payı həlledici səviyyədə deyil. Buna baxmayaraq, daxili istehsalçı üçün bunun vacib bir şərt olduğu da danılmazdır”.
Onun fikrincə, Azərbaycanda daşınmaz əmlak bazarında kəskin bahalaşma 2021-ci ildən başlayıb və son 4-5 il ərzində xüsusilə ilkin bazarda qiymətlər təxminən 70 faiz artıb:
“Qiymət artımını formalaşdıran əsas tərəflərdən biri də tikinti şirkətləri olub. Həmin dövrdə Qarabağ iqtisadi zonasında kütləvi inşaat işləri başlayıb və nəticədə armaturun 1 tonunun qiyməti 780 manatdan 1200 manata qədər yüksəlib. Bu, olduqca ciddi bir artımdır. Bazarda rəqabətin az olması bu qiymət artımının süni xarakter daşımasına şərait yaradıb və nəticədə bu artım təkcə daşınmaz əmlak sektoruna deyil, ümumilikdə ölkə iqtisadiyyatına mənfi təsir göstərib. Hesab edirəm ki, armatur üzrə gömrük rüsumlarının azaldılması məqsədəuyğun olardı ki, yerli istehsalçılar da qiymətləri aşağı salsınlar”.
E.Azadov söyləyib ki, bazarda cəmi 3-4 istehsalçı var və onlar qiymətlərin yüksək saxlanılması üçün aralarında müəyyən razılaşmaya gedə bilərlər:
“Çünki armaturun 780 manatdan qısa müddətdə 1200 manata qədər bahalaşması birbaşa süni qiymət artımından xəbər verir. Bu isə nəticə etibarilə bütün Azərbaycan iqtisadiyyatına və istehlakçılara mənfi təsir göstərir”.