Süddən hazırlanmış yağların idxalı azalıb: NİYƏ?


Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrdən 1 907 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu məhsulların dəyəri 12 milyon 626 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 693 ton (26,7 %), dəyər baxımından isə 5 milyon 481 min ABŞ dolları (30,3 %) azdır. Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağlar Azərbaycanın ümumi idxalının 1 %-ni təşkil edib.

Xatırladaq ki, ötən ay Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 30,5 % azdır.

Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.

Son nəticədə xarici ticarətdə 934 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,3 % azdır.

Bu azalma real istehlakın azalması ilə bağlıdır, yoxsa əvəzində palma yağı və ya digər bitki mənşəli yağları bazara yol açıb?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli bildirdi ki, aylıq göstərici ümumi tendensiyanı əks etdirmək üçün kifayət etmir:

“Yalnız yanvar ayının statistikasına əsaslanaraq bazarda palma yağı və ya digər bitki mənşəli yağların artıb-artmadığı barədə qəti nəticə çıxarmaq düzgün olmaz. Bir aylıq göstərici ümumi tendensiyanı əks etdirmək üçün kifayət etmir.

Hazırda mağazalarda əhalinin yağ tələbatını qarşılayacaq qədər süddən hazırlanmış məhsullar mövcuddur. Bu isə onu göstərir ki, anbar ehtiyatlarında kifayət qədər məhsul var və bazarda hər hansı kəskin çatışmazlıq müşahidə edilmir.

Mümkündür ki, ötən ilin son aylarında ölkəyə yağ idxalı daha çox olub və hazırda bazarda həmin ehtiyatlar realizə olunur. Bu halda yanvar ayında idxalın nisbətən azalması təbii proses kimi qiymətləndirilə bilər”.

O qeyd edib ki, idxalın azalması avtomatik olaraq kərə yağının marqarin və ya palma yağı ilə əvəz olunması demək deyil:

“Bazar mexanizmləri bu qədər sadə və birbaşa şəkildə tənzimlənmir. Eyni zamanda, bir aylıq statistika əsasında süddən hazırlanan yağların idxalı artıbsa, bu, dərhal bazarın marqarin və ya palma yağı ilə doldurulduğu anlamına gəlmir. Bunun üçün daha geniş dövrü əhatə edən statistik təhlil və müqayisəli göstəricilər lazımdır.

Ola bilər ki, əvvəlki dövrdə normadan artıq idxal həyata keçirilib və həmin məhsullar hələ də daxili tələbatı qarşılayır. Yeni sifarişlərin isə növbəti aylarda ölkəyə daxil olması mümkündür”.


MANŞET XƏBƏRLƏRİ