Bankların pul tələsi - Vətəndaşları belə aldadırlar...


“Təcili pula ehtiyacı olan şəxslər anın yaratdığı psixoloji təzyiq fonunda kreditin şərtləri, müqavilə müddəaları, növbəti dövrlərdə ödənişlər icra olunmadığı halda yarana biləcək situasiyalar, dəbbə pulu, kredit faizləri, komissiyalar və digər vacib məqamlarla kifayət qədər maraqlanmırlar”.

Bunu “Yeni Sabah”a açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirib.

Onun sözlərinə görə, belə hallarda vətəndaşlar likvidlik çatışmazlığını təcili şəkildə kredit götürməklə həll etməyə çalışırlar:

“Mövcud maliyyə sistemində və mühitində rəqabətin zəifliyini də nəzərə alsaq, bu vəziyyət bankların yaranmış şəraitdən daha rahat şəkildə istifadə etməsinə və öz maraqları çərçivəsində daha əlverişli şərtlərlə müqavilələr tərtib edərək vətəndaşlara imzalatmasına fürsət verir. Bu səbəbdən vətəndaşlar kredit götürərkən ilk növbədə kredit faizləri üzrə araşdırma aparmalı, şərtləri ətraflı təhlil etməlidirlər. Bunun üçün müxtəlif alətlər mövcuddur. Mərkəzi Bankın maliyyə bazarları üzrə məhsulları müqayisə etməyə imkan verən onlayn platformalarından yararlanmaq mümkündür. Bu alətlər vasitəsilə banklarda tətbiq olunan kredit faizlərini, kredit və komissiya şərtlərini müqayisə etmək olar”.

Ekspert deyib ki, kreditin gecikdirilməsi halında tətbiq ediləcək dəbbə faizi kimi məsələlər də nəzərə alınmalı və yekun qərar bu amillər əsasında verilməlidir:

“Bununla yanaşı, müqavilənin digər şərtləri də diqqətlə təhlil olunmalıdır. Çünki vətəndaşlar bir çox hallarda kreditin gecikdirilməsi və ya geri qaytarılmaması zamanı onları hansı nələrin gözlədiyi, dəbbənin tətbiqi, məhkəməyə müraciət kimi məsələlər barədə kifayət qədər məlumatlı olmurlar. Həmçinin, kredit üzrə zaminlərə münasibətdə hansı addımların atıla biləcəyi, girov qoyulmuş aktivlərlə bağlı bankın hansı qərarları qəbul edə biləcəyi, bu qərarların hansı müddətlərdə - iki ay, altı ay və ya daha uzun dövrdə - qüvvəyə minə biləcəyi məsələlərinə də xüsusi diqqət yetirilməlidir. Nəticə etibarilə, kredit müqaviləsinin bütün şərtləri detallı şəkildə nəzərdən keçirilməli, yalnız bundan sonra razılıq verilməli, müqavilə imzalanmalı və ya imzalanmamalıdır”.


MANŞET XƏBƏRLƏRİ