Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan yaxın vaxtlarda Ermənistana qayıdacaq.
Turkustan.az xəbər verir ki, “Hraparak” qəzetinin məlumatına görə, Ermənistan hakimiyyəti 2024-cü ilin avqustunda bu vəzifəyə təyin edilən Arsenyanı hələ yayda əvəzləmək qərarına gəlib. Lakin yeni səfirin təyinatı ilə bağlı proses uzandığından o, fəaliyyətini davam etdirib.
Qəzet Arsenyanın ətrafına istinadən bildirir ki, diplomat artıq əşyalarını yığışdırmağa başlayıb. O, hətta bahalı “Bentley” avtomobilini də Moskvaya gətirib və indi Ermənistana qaytarmalı olacaq.
Nəşrin məlumatına görə, Ermənistan hakimiyyəti yeni səfir postuna 67 yaşlı Samvel Mkrtçyanı namizəd göstərmək qərarına gəlib. O, 2004–2010-cu illərdə Avropa ölkələrində səfir və Ermənistanın NATO-dakı nümayəndəsi vəzifələrində çalışıb. Mkrtçyan xarici işlər nazirinin müavini Robert Abisoqomonyanın ana dayısıdır.
Lakin qəzet Rusiya tərəfinin Mkrtçyanın namizədliyinə razılıq verməsini gecikdirdiyini iddia edir.
Qeyd edək ki, noyabrın 1-də Rusiya Xarici İşlər Nazirliyi Ermənistan mediasında Moskvanın Samvel Mkrtçyanın səfirliyə namizədliyini qəbul etməkdən imtina etməsi ilə bağlı yayılan məlumatları təkzib edib. /Bakıvaxtı.az/