ABŞ Yaxın Şərqə hərbi qüvvələrini cəmləşdirir: İsrailə 80 təyyarə göndərildi


İsrail mediası ABŞ ordusunun İrana qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlıq çərçivəsində İsrailə 10 hərbi yük təyyarəsi və 80 havada yanacaqdoldurma təyyarəsi göndərdiyini iddia edib.

Turkustan.az xəbər verir ki, İsrailin 14-cü kanalının məlumatına görə, ABŞ ordusu son 48 saat ərzində Yaxın Şərqdə misli görünməmiş hava daşımaları həyata keçirib.

Məlumata əsasən, İsraildəki hərbi bazalara 10 ABŞ hərbi yük təyyarəsi və 80 yanacaqdoldurma təyyarəsi yerləşdirilib.

Bildirilib ki, ABŞ hərbi yük təyyarələri bölgə ölkələrinin hava hücumundan müdafiə sistemlərini sürətlə gücləndirmək məqsədilə eyni vaxtda İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və Küveytə də uçuşlar həyata keçirib.

Hələlik nə İsrail, nə də ABŞ tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verib.

“The Wall Street Journal” (WSJ) qəzeti də ABŞ və İsrailin İrana mümkün hücumuna hazırlıqla bağlı yeni əlamətlərin olduğunu iddia edib. Qəzet uçuşların izlənməsi məlumatlarına və məsələ ilə tanış olan iki rəsmi şəxsə istinadən yazıb ki, ABŞ ordusu raketdən müdafiə imkanlarını gücləndirmək məqsədilə Texasdan İsrailə əlavə “Patriot” raket kompleksi göndərib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ